Futbol üzrə Azərbaycan və Moldova milli komandaları arasında Türkiyənin Antalya şəhərində keçirilmiş yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçisi matçla bağlı fikirlərini bölüşüb.
Yenicag.az baş məşqçilərin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:
Qurban Qurbanov (Azərbaycan millisinin baş məşqçisi): “Çətin oyun oldu. Futbolçulardan raz qaldım. Onlardan çox şey tələb edə bilməzdim. Meydanda çox düşündülər. Rəqib pressinq edir və daha çox müdafiədən oynayırdı. Üzərində işləməli olduğumuz çox nöqsanlar var. Həmçinin, futbolçular fərdi qaydada da öz üzərlərində çalışmalıdırlar. Bakıya qayıtdıqdan sonra da onlarla söhbətlər edəcəm. İndi zəif komanda yoxdur. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməlidir. Bəli, onların qol fürsətləri oldu. Əsasən, standart vəziyyətlərdən qol şansı qazandılar. Digər iki epizod isə bizim diqqətsizliyimizin nəticəsi idi. Amma hər hansı qurulan hücum nəticəsində qapımızda təhlükə yaratmadılar”.
Aleksandr Spiridon (Moldova millisinin baş məşqçisi): “Düşünürəm ki, Azərbaycan millisi topa bir qədər çox nəzarət edirdi. Bizim də qol epizodlarımız oldu. Qələbə də qazana bilərdik. Hər iki tərəf üçün yaxşı oyun oldu. Azərbaycan yığması çox intizamlı komandadır. Bu, meydanda görünürdü. Bu cür rəqiblə qarşılaşmaq xoş idi. Bizi Lüksemburq, Belarus və San Marino yığması ilə çətin oyun gözləyir. Sizin isə Kosovo millisi ilə matçlarda işiniz asan olmayacaq. Qurban Qurbanov güclü məşqçidir. “Qarabağ”la yaxşı nəticələr qazanıb. Ona millidə işləmək daha rahatdır. Çünki “Qarabağ”ın futbolçularını tanıyır və onların əksəri millidə oynayır. Bu mənada, Qurbanovun oyun üslubuna bələddirlər. Mənim isə bu cəhətdən işim bir qədər çətindir”.