“Cəmiyyətdə siyasi məhbus, bloqqer kimi qəbul olunan şəxslər məhkum yox, təqsirləndirilən şəxs hesab olunur və onların hər hansısa cinayət etməsi ilə bağlı fikir yürütmək doğru deyil. Buna görə həmin şəxslərin Əfv Komissiyasına müraciəti qəbul olunmur. Əfv üçün müraciət hüququna yalnız məhkum olunmuş şəxslər, onların nümayəndələri, vəkilləri edə bilər”.
Bunu Yenicag.az-la söhbətində Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmaları Mərkəzinin sədri, sabiq deputat, tanınmış hüquq müdafiəçisi Əliməmməd Nuriyev deyib.
Komissiyanın əsas fəaliyyət istiqamətindən söz açan Əliməmməd Nuriyev iclasda olan yeniliklər haqqında söyləyib ki, müraciətlərə baxılması ilə bağlı proses daim təkmilləşdirilir:
“Proses daha da şəffaflaşır, müraciətlərin qəbulu sadələşdirilir, ərizələr tam obyektiv araşdırılır. Əfv Komissiyasına yüzlərlə, hətta minlərlə müraciət daxil olur. Bu müraciət ya həmin şəxslərin özü, ya da onların vəkilləri, deputatlar, ombudsman, yerli və beynəlxalq QHT nümayəndələri tərəfindən olur”.
O, qurumun mandatına daxil olan müraciətlər zamanı məhkumların hansı kriteriyalar daxilində seçilməsini isə belə şərh edib:
“Əfv ərizələrinə baxarkən ,cinayətin ictimailik dərəcəsi əsas götürülür. Onların əvvəllər oxşar cinayət edib-etməməsi araşdırılır. Əsas məsələ kimi məhkumun səhhəti, zərərçəkmiş tərəfin mövqeyi, ailə vəziyyəti, davranış qaydalarına nə dərəcədə riayət etməsi götürülür”.
Ə. Nuriyev indiyə qədər qəbul olunmuş əfv sərəncamlarını cəmiyyətin alqışladığını, humanizmə əsaslanan balanslı qərarlar olduğunu qeyd edib. Onun fikrincə, doğru qəbul olunmuş qərarlar məhkumların da məsuliyyətini artırır.
Leyla Fərzəliyeva
www.yenicag.az