!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Onno Kervers: “Öz fotoseriyamda Bakının çoxtərəfli memarlıq irsini göstərməyə çalışmışam”

!Reklam – Yazi

Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Onno Kernersin Yenicag.ru-ya müsahibəsi:

– Sizinlə ilk növbədə ötən ilin iyulunda “Art Tower”də təşkil olunan “Yay festival 2018” çərçivəsində baş tutan “Niderland azərbaycanlı rəssamların gözü ilə” bədii pleneri haqda danışmaq istərdim. Sizcə, belə tədbirlərin təşkili nə dərəcədə zəruridir və nəticədən razı qaldınızmı?

– Düşünürəm ki, bizim çox maraqlı birgə layihəmiz alındı. Ölkələrimizin bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız hər iki millətin mədəniyyətinə yaxşı bələddirlər. Bildiyiniz kimi, Niderland ölkəmizi bütün dünyaya tanıtdıran çox sayda rəssamın adı ilə şöhrətlənib. Bunlar Rembrandt Xarmens van Reyn, Yan Vermeer, Frans Xals, Piter de Xox, Yakobs Van Reysdal və başqalarıdır. Holland rəngkarlığının dünya incəsənətində öz xüsusi yeri var. Zəngin mədəniyyətə malik hollandlarda təsviri sənətə meyl güclüdür. Ona görə də “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov “Niderland azərbaycanlı rəssamların gözü ilə” bədii plenerinin keçirilməsini təklif edəndə, mən o dəqiqə razılaşdım.

Plenerin təşkilatçısı qismində bizim səfirlik, “İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı, Azərbaycan Mədəniyyət Nazirliyi və “Gənclər Şəbəkəsi” çıxış etdi.

Niderland mədəniyyətini öz düşüncələri ilə təsvir etmək istəyən azərbaycanlı rəssamların nə qədər motivasiyalı olduqlarını görmək xoş idi. Onlar öz əl işlərində Hollandiyanın adət-ənənələrini və ölkəmizin assosiasiya olunduğu digər vacib komponentlərini təsvir etməyə çalışırdılar.

Məsələn, Hollandiya tək özünün zanbaqları, yel dəyirmanları, memarlığı ilə deyil, həm də dünyaya səs salan, çox filmlərin süjetinə çevrilən “özəl rəng”i – “Dutch Light” ilə də məşhurdur.

Azərbaycan müsəlman ölkəsi olsa da, bununla yanaşı, Avropa və Asiya mədəniyyətinin kəsişməsində özünəməxsus körpü rolunu oynayır.

Hesab edirəm ki, layihəyə qatılan rəssamların Hollandiya mədəniyyəti haqqında məlumatlı olmaları mühüm amildir. Bu, onların holland mədəniyyətinə yönəlik süjet seçimlərinə də ciddi yardım göstərib. Onlar həm də internet vasitəsilə məlumat toplayıblar. Qeyd edim ki, rəssam Babək Abdullayev çox sürətlə mənim portretimi yaratdı, buna xeyli təəccübləndim. Həmin portret hazırda mənim kolleksiyamdadır.

– Özünüzün fotoqrafiya sənətinə, xüsusilə, ağ-qara janra marağınız haqda danışardız… Hər şey nədən başladı?

– Fotoqrafiya sənətinə sevgim uzaq uşaqlıqda yaranıb. Böyük qardaşımın foto lentlərini necə “yuduğunu” heç vaxt unutmaram. Fotoqrafiyanın təşəkkülü bir möcüzənin doğulmasıdır. Bu əl-kimya prosesi məni sehrləmişdi. O proseslər zəruri avadanlıqların, o cümlədən, kimyəvi maddələrin olduğu qaranlıq otaqda aparılırdı. O zaman bizim sadəcə, ağ-qara fotolarımız olurdu, çünki rəngli təsvirlər çox baha idi. Elə o vaxtdan da ağ-qara foto janrını sevdim. Mən bu sənəti heç bir kursa getmədən, xüsusi ədəbiyyatı oxumaqla, müxtəlif sərgilərə getməklə mənimsədim. Ağ-qara janr tamaşaçının diqqətini müəllifin göstərmək istədiyi konkret bir detala cəlb etməyə imkan verir.

– Siz “FANTAZIA” Beynəlxalq mədəni irs festivalı çərçivəsində təşkil olunan “Yoxolma” sərgisində də iştirak etmisiz. Həmin layihənin əsas məqsədi nə idi?

– Avropa İttifaqı (Niderland, Fransa, Almaniya, Macarıstan, Polşa) və Azərbaycan hökumətlərinin maddi dəstəyi və Avropa Mədəni İrsi İli münasibəti ilə ötən ilin noyabrında İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində təşkil olunan “Yoxolma” sərgisində iştirakıma görə çox şadam. Sərginin təşəbbüskarı tanınmış rəssam Səbinə Şixlinskaya oldu və Bakı memarlığına vurğunluğumu bildiyi üçün məni də o tədbirə dəvət etdi. Sərginin incəsənət əlaqələndiricisi isə Könül Rəfiyeva idi.

– Ancaq siz bununla kifayətlənmədiz və diplomatların qatılacağı sərgi keçirməyi qərara aldız. Bu ideya necə yarandı?

– Həmin layihənin müəllifi “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədovdur. O, “Art Tower” qalereyasında xarici diplomatların Azərbaycan paytaxtına baxışlarının əks olunacağı sərgi keçirməyi təklif etdi. Müzakirədən sonra layihəyə qatılmağa razılıq verən mənim həmkarım olan 7 həvəskar fotoqrafın iştirakı ilə plan hazırladıq və layihəni “Bakının şəhər həyatına diplomatik baxış” adlandırdıq. Layihəyə qatılan hər bir diplomat Bakıda Novruz Bayramı ərəfəsində çəkilən 3 fotoşəkil təqdim etməlidir. Sərgi apreldə baş tutacaq.

– Sonda Bakının mədəni həyatı haqda fikirlərinizi bölüşərdiz…

– Hesab edirəm ki, Bakının mədəni həyatı, xüsusilə müasir incəsənəti daimi inkişafdadır. Şəhərdə çox sayda sərgi salonları və məkanları var. Onların sırasında Müasir İncəsənət Muzeyini, “YARAT” Müasir İncəsənət Mərkəzini, “Gazelli Art House” və əlbəttə ki, “Art Tower” bədii qalereyasını göstərə bilərik.

Qalereyaların əksəriyyətinin turistlərin gur olduğu “İçərişəhər”də yerləşməsi Azərbaycan incəsənətinin xarici qonaqlara nümayiş etdirilməsinə gözəl imkan yaradır. Burada həm musiqini, həm də vizual incəsənəti – fotoqrafiya, rəngkarlıq, heykəltəraşlıq – çox sevirəm. Ona görə də şəhərdəki sərgiləri qaçırmamağa çalışıram.

Rüstəm Qasımov

COP29

www.yenicag.az

4301
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv