Azərbaycan ordusunun Qarabağda mövqelərini dəyişməsi qeyri-adi hadisə deyil. Əslində, ərazidə baş verənləri izah etmək üçün bir qədər geriyə, müharibədən əvvəlki dönəmə getmək istəyirəm.
1994-cü ildə Azərbaycan və Ermənistan tərəfi arasında atəşkəs razılaşması əldə edilən vaxt təmas xətti arasındakı məsafə son dərəcə çox idi. Bəzi yerlərdə yaxın ola bilərdi, ancaq bir çox istiqamətdə erməni tərəfi daha yaxşı mövqedə durmaq üçün geri çəkilmişdi. Atıcı silahlarla belə həmin postları vurmaq olmurdu. Sabiq müdafiə naziri Səfər Əbiyevin qərarı ilə (Çıxa bildiyim bütün mənbələr qərarın ona məxsus olduğunu deyir – müəl.) postlar irəli çəkilməyə başladı. Azərbaycan ordusu təmas xəttini yaxınlaşdırmaq üçün qaza-qaza irəliləməyə başladı. Bəzi yerlərdə bu məsafə az, bəzi yerlərdə isə kilometrlərlə idi. Neytralın darlaşdırılması ilə hektarlarla torpaq azad edilmiş oldu. Yüksəklik olan istiqamətdə tərəflər arasında məsafə bir qədər uzaq olsa da, bəzi yerlərdə postlar arasında məsafə hətta 50 metrə qədər olurdu. Yəni müharibəyə qədər Azərbaycan ordusu mövqelərini qaza-qaza irəli çəkirdi.
Qazma əməliyyatları zamanı hətta bir neçə istiqamətdə postlar toqquşmuşdu. Nəticədə tərəflər qazdıqları yeri dolduraraq geri çəkilmiş, müəyyən bir məsafədə dayanmışdı.
Müharibə bitdi, yeni reallıqlar yarandı. Azərbaycan ordusu artıq qazaraq yox, yüksəkliklərə çıxaraq mövqelər qurmağa başladı. Bu taktika Laçın, Kəlbəcər, Zəngilan istiqamətində həyata keçirildi. Laçın-Kəlbəcər istiqaməti xaric digər dövlət sərhəddindəki yüksəkliklərə çıxmaq problemsiz öz həllini tapırdı. Yüksəkliyə çıxma uğrunda ən ciddi döyüş Kəlbəcər, Laçın istiqamətində oldu. Erməni tərəfi daha əlverişli yüksəkliyə çıxmağa cəhd etdi, nəticədə onu da itirdi, əlavə bir neçə yüksəkliyi də.
Ən son Azərbaycan ordusu Fərrux dağı və oradakı yüksəklikləri nəzarətə götürmüş oldu. Fərruxun əhəmiyyəti barədə əvvəlki yazılarda qeyd etdiyim üçün bu barədə yazmaq istəmirəm.
Fərruxla bağlı deyilməyən və yazılmayan bir neçə şeyi diqqətinizə çatdırmaq istəyirəm. Fərrux kəndi, əslində, bildiyimiz Fərrux kəndi deyil. Həmin kənd artıq indi xarabalıqdır. Ermənilər 2005-ci ildə adına Fərrux qoyduqları yeni kənd salıblar. Həmin kənd cəmi 23 evdən ibarətdir. Kənddəki evlərin layihəsinə baxdıqda bu tip evlərə bir neçə yerdə rast gəlmək olar. Misal üçün, Mollalar, Abdal, Gülablı kəndində belə evləri şəxsən görmüşəm. Heç şübhəsiz, bu evlər erməni lobbisinin ayırdığı pullarla tikilib. Yeri gəlmişkən, hazırda kənddə cəmi bir ailənin yaşadığı deyilir. Rusiya sülhməramlıları cəmi bir evi qorumaq üçün ora qüvvə yığıb.
Dünən gecə yayılan informasiyalara gəldikdə isə Azərbaycan ordusu heç bir əməliyyat həyata keçirməyib. Sadəcə olaraq bölmələrin yerdəyişmə prosesi baş verib. Bunun adına, hardasa, imitasiya da deyə bilərik. Bu hərəkətlilik nəticəsində Rusiya sülhməramlıları yerdəyişmələr edib. Neticə etibarı ilə Fərrux kəndindəki Rusiya sülhməramlılarının 30 faizi kənddən çıxıb. Əvvəlki yazılarda da qeyd etmişdim ki, Rusiya sülhməramlıları Fərrux kəndində daimi məskunlaşa bilməzlər. Ora, sözün əsil mənasında, kor nöqtədir və orada Rusiya sülhməramlılarının olması nə ruslara, nə də ermənilərə bir xeyir verəcək.
Müharibədən əvvəl Azərbaycan ordusu qazaraq irəliləyə bilirdi, indi isə çıxaraq…
Səxavət Məmməd
www.yenicag.az