Orxan Mansurzadə polis polkovniki ilə bağlı ittihama cavab verdi
Bu günlərdə müraciət edən Mincəçevir rayon sakini Gülər Nəbiyeva mağazasının iki dəfə qarət edildiyini, fəqət oğruların rayon polis rəisi tərəfindən himayə edilməsi səbəbi ilə həbs edilmədiyini bildirib. G.Nəbiyeva iddia edir ki, mağazasını qarət edən şəxslərin kimliyi həm ona, həm də polis rəisinə yaxşı məlum olsa da, həmin şəxslərin həbsi istiqamətində heç bir addım atılmır. Əksinə, G.Nəbiyevanın sözlərinə görə, həmin şəxslər bir müddət əvvəl həbs olunan zaman öz cinayətlərini etiraf etsələr də, polis rəisinin göstərişi ilə azad edildilər.
Şikayətçinin sözlərinə görə, cari ilin 26 aprel tarixində Göyçayda daxili işlər naziri Ramil Usubovla görüşərək öz problemini diqqətə çatdırsa da, hələ də cinayətkarların məsuliyyətə cəlb olunması təmin edilməyib.
Məsələyə münasibət bildirən DİN-nin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansursadə Gülər Nəbiyevanın Mingəçevir Polis Şöbəsinin rəisi haqqında səsləndirdiyi fikirlərin həqiqətə uyğun olmadığını qeyd etdi:
“Cənab nazirin tapşırığından sonra Gülər Nəbiyeva və onun həyat yoldaşı Mincəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ələsgər Bədəlov tərəfindən iki dəfə qəbul olunub. Həmin görüşdə onların fikirləri, ehtimalları, şübhələri öyrənilib və hər iki faktla bağlı qaldırılan cinayət işinin istintaq zamanı araşdırılıb. Cənab nazirin göstərişindən sonra əməliyyat-istintaq qrupu da yenilənib. Cinayətin açılması üçün zəruri olan tədbirlər həyata keçirilir. Bu tədbirlər zərərçəkənin şübhələndiyi şəxs və şəxsləri də əhatə etməkdədir”.
O.Mansurzadə oğruların polis rəisi tərəfindən azad edilməsi ilə bağlı irəli sürülən ittihamın da əsassız olduğunu vurğuladı:
“Istənilən rayon və şəhərdə polis rəisi cinayəyin açılmasında, cinayətkarın tapılması və vətəndaşlara dəyən ziyanın ödənilməsində ən çox maraqlı olan şəxsdir. Polis rəisi bunu hər kəsdən, hətta zərərçəkəndən də çox istəyir. Hər bir polis rəisi istəyər ki, onun ərazisində ümumiyyətlə cinayət hadisəsi olmasın və baş verən bütün cinayətlər açılsın. Bu baxımdan Ə.Bədəlov da istisna deyil”.
DİN yetkilisi qeyd edib ki, oğurluq törədən şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.