"Osmanlı, Səfəvi, türk xofu aradan çıxmalıdır" - ŞƏRH
“Osmanlı, Səfəvi, türk xofu aradan çıxmalı, daha rasional yanaşma ortaya qoyulmalıdır”.
Bu fikri hazırkı geosiyasi vəziyyətdə Türk Dövlətləri Təşkilatının qütb kimi formalaşma ehtimalı və bunun üçün atılmalı olan addımları Yenicag.az-a dəyərləndirən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.
Onun sözlərinə görə, Türk birliyinin legitimləşməsi üçün beynəlxalq qüvvələrin dəstəyi, həm də mane olmaması çox önəmlidir:
“Dünya yenidən dizayn edilir. Dünyanın əhəmiyyətli bir hissəsi türk birliyinin əmələ gəlməsinə qarşı olub. Artıq türk birliyinə qarşı olan qüvvələrin özündə problemlər var. Strateji olaraq Türkiyə başda olmaqla türk dünyası dünyanın önəmli güc mərkəzləri ilə balanslı siyasət həyata keçirməyə önəm verir.
Yeni dünya düzəninin formalaşmasında türk birliyinə ehtiyac duyulur. Avropanın təhlükəsizliyi, enerji təchizatında türk birliyinin önəmi danılmazdır. Artıq Osmanlı, Səfəvi, türk xofu aradan çıxmalı, daha rasional yanaşma ortaya qoyulmalıdır. Türk birliyinin legitimləşməsi üçün beynəlxalq qüvvələrin dəstəyi, həm də mane olmaması çox önəmlidir. Türk birliyinin yeni güc kimi formalaşması, yeni dünya düzənində söz sahibi kimi tanınması önəmlidir. Hazırda gedən proses də odur”.
Səxavət Məmməd