Oxu Dədə, oxu – Süleyman Abdullayevin ANIM GÜNÜDÜR - VİDEO
Doğma Qarabağın dilbər guşəsi Füzulinin Qoçəhmədli kəndində dünyaya göz açmışdı. O yerlərin saf suyundan içib, tərtəmiz havasından udmuşdu. Hələ uşaq ikən ayaqyalın Qoçəhmədlinin şeh dəymiş torpaqlarında o yan bu yana qaçar, hər kəsi şaqraq səsi ilə valeh edərdi. Qarabağ təbiətinin əsrarəngizliyi elə uşaq ikən də səsinə hopmuşdu. Qarabağlı balasıydı, təpədən-dırnağa bir Vətən sevdalısıydı, amma həm cismən, həm də ruhən bütün Azərbaycana məxsus idi Dədə.
Ecazkar səsi, şaqraq zənguləsi, özünəməxsus qeyri-adi ifa tərzi ilə dinləyiciləri məftun edən məşhur muğam ustadı, xalqın Dədə Süleyman kimi sevib rəğbət bəslədiyi Süleyman Abdullayevin, Seyid Şuşinskinin sevimli tələbəsinin bu gün anım günüdür.
Yazını yazmazdan öncə ustad xanəndənin lent yazılarını dinlədim. Dinlədikcə də ifasında məşhurlaşan musiqilərin sehrində itib-batdım. Bu elə bir səsdir ki, milyonlarla səsin içərisində seçmək mümkündür. İlk zəngulədən, ilk boğazdan, ilk xırdalıqdan bilirsən ki, oxuyan məhz Dədədir. Milyonların sevimlisi Dədə Süleyman. O səsi dinlədim və o ilahi səsin qarşısında heyrətləndim, yazmağa nədən və necə başlayacağımı belə bilmədim. Amma bu da bir həqiqətdir ki Dədənin səsini, sənətini vəsf etmək üçün sözlər yetərli deyil. Çünki haqdan gələn və haqq vergisi olan bu əsrarəngiz səs qarşısında dünyanın ən gözəl sözlərini ipə-sapa düzsəm də belə yenə söz aciz qalacaq. O ilahi səs o sözləri kölgədə qoyacaq.
Süleyman Abdullayev haqqında çox sənətkar danışa bilər, xatirələrini bölüşər, sənətinin ucalığını ən gözəl sözlərlə vəsf edər. Amma inanın ki, heç bir söz, heç bir cümlə Dədənin oxuduğu o şaqraq muğamlar, o həzin musiqilər qədər təsirli ola bilməz. Onlar danışsa da, həmin sözlər onun ifasında məşhurlaşan “Segah”ı, “Şur”u, “Çahargah”ı, “Dəşti”si, “Qarabağ şikəstəsi” qarşısında eşidilməz olacaq. Odur ki, ən yaxşısı susum… O ecazkar səsin qarşısında susum ki, bu sükutun içərisində ustad sənətkarımız elə özü oxusun. Bu gün musiqimizin xaos içərisində çapaladığı, səsi, sənəti olmayanların efirlərdə meydan suladığı bir vaxtda sənə çox ehtiyacımız var Dədə. Odur ki, deyirəm oxu Dədə Süleyman, oxu, qoy görsünlər ki, oxumaq necə olur. Sən oxu, biz susaq və o İlahi səsin sehrində ruhumuzla baş-başa qalaq. Çünkü buna çox ehtiyacımız var.
Cəvahir