“Amansız ölüm ona imkan vermədi ki, heç olmasa, filminin premyerasında iştirak etsin”
Bu gün çoxlarının yaddaşında “Ögey ana” filmindəki İsmayıl obrazı ilə dərin iz buraxan əvəzolunmaz aktyor Ceyhun Mirzəyevin doğum günüdür.
Mərhum sənətkar barədə tələbə yoldaşı, yaxın dostu kinorejissor Əbdül Mahmudbəyov xatirələrini Yenicag.az-la bölüşüb:
“Ceyhun öz üzərində daim çalışan istedadlı rejissor və aktyor, həm də genişürəkli dost, gözəl insan idi. Azərbaycan kinematoqrafiyasının əfsanəvi qəhrəmanlarından olan Ceyhunu Allah kino üçün yaratmışdı. Onun yaratdığı “Fəryad” filmi Qarabağ müharibəsinə həsr olunmuş ilk filmdir. Ceyhun Mirzəyev filmdə obrazını yaşayaraq oynayıb.
Ceyhun “Ögey ana” və “Fəryad” filmləri ilə tarixə düşüb. Psixoloji dram janrının elementlərini də ilk dəfə kinoya məhz Ceyhun Mirzəyev gətirib. Bu, danılmaz faktdır.
O özü həm “Fəryad” filmini çəkdi, həm də orada baş rolu oynadı. Və nə yaxşı ki o film çəkildi. Ceyhundan son yadigar kimi qaldı o film. “Fəryad” Azərbaycan kinosunun tarixinə böyük sənət əsəri kimi düşdü.
Heyif ki, özü filmini görə bilmədi. Amansız ölüm ona imkan vermədi ki, heç olmasa, filmin premyerasında iştirak edə bilsin. Studiyada çəkiliş vaxtı özünü pis hiss edən Ceyhunu evə güclə çatdırmışdılar. Çox həssas insan idi, xiffət edirdi ki, kimə neyləmişəm, mənə qarşı belə haqsız davranırlar.
Haqsızlığa görə ürəyi partlayıb öldü. Yaltaqlığı yox idi, dürüst insan idi. Çox qısa ömür yaşadı, bu da alın yazısıdır. Sağ olsaydı, kinoda nələr edərdi. Sənətlə sənətkar ölmür.
Məni yandıran odur ki, o cür böyük sənətkar layiq olduğu fəxri adları almadı. O boyda aktyorun əməyinə qiymət verilmədi. Heç olmasa, ölümündən sonra verilsin. Bir qız balası var, barı ona təsəlli olsun”.
Cəvahir
www.yenicag.az