Öz ölkəndə həbsdən qaç, Rusiya üçün öl: Kreml xaricilərə nə vəd edir?
Rusiyada Dövlət Duması xarici vətəndaşların ordu sıralarına qoşulması ilə bağlı yeni qanun layihəsini qəbul edib.
Yenicag.az xəbər verir ki, yeni sənədə əsasən, Rusiya ordusunda xidmət edən xarici vətəndaşlar öz ölkələrində cinayət məsuliyyəti ilə üzləşsələr belə, başqa dövlətlərin tələbi ilə ekstradisiya olunmayacaqlar.
Qanun layihəsi xüsusilə Ukraynada döyüşmək üçün Rusiya ordusuna qoşulan əcnəbiləri cəlb etməyə hesablanıb. Yeni qaydaya görə, əgər xarici vətəndaş Rusiya ilə hərbi müqavilə imzalayıbsa və xidmət keçibsə, digər ölkələrin onu təhvil vermək tələbi hüquqi qüvvəyə malik olmayacaq. Bu norma artıq xidmətini başa vurmuş şəxslərə də şamil ediləcək.
Sənədin qüvvəyə minməsi üçün yuxarı palata olan Federasiya Şurası tərəfindən də təsdiqlənməsi və daha sonra Prezident Vladimir Putin tərəfindən imzalanması lazımdır.
Qanun layihəsinin gündəmə gəlməsi təsadüfi deyil. Son vaxtlar Ukraynaya qarşı müharibədə iştirak edən bəzi xarici vətəndaşlar öz ölkələrində cinayət təqibi ilə üzləşiblər. Bu isə Moskvanın həmin şəxsləri hüquqi baxımdan qorumaq üçün addım atmasına səbəb olub.
Rusiya hazırda Ukraynada nə qədər xarici vətəndaşın döyüşdüyünü açıqlamır. Moskva Şimali Koreya hərbçilərinin Rusiya qüvvələri ilə birlikdə yerləşdirildiyini təsdiqləyib. Eyni zamanda, müxtəlif mənbələr tammiqyaslı müharibə başlayandan bəri onlarla ölkədən minlərlə xarici vətəndaşın Rusiya tərəfində döyüşdüyünü bildirir.
Bu arada Ukrayna tərəfi də oxşar praktika tətbiq edir. Rəsmi Kiyev Gürcüstan, Azərbaycan, Belarus kimi keçmiş sovet ölkələrinin, eləcə də ABŞ və Böyük Britaniya kimi Qərb dövlətlərinin vətəndaşlarının Ukrayna Silahlı Qüvvələri ilə birlikdə döyüşməsinə icazə verib.
Mövzu beynəlxalq hüquq və dövlətlərarası münasibətlər baxımından müzakirələrə səbəb olub və yaxın günlərdə qanunun taleyi Federasiya Şurasının qərarından asılı olacaq.
Amir Aqiloğlu













