Palçıq içində itib-batan HACIQABUL – Video, Fotolar
İcra başçısı Əhməd Muxtarov ötən il Prezidentin Ehtiyat Fondundan aldığı 2 milyon manat pulu hara xərcləyib ki, hazırda sel suları rayonun küçələrini bataqlığa, şəhid aibidəsini və məktəbləri mühasirə vəziyyətinə salıb?
Əhməd Muxtarovun Hacıqabuldakı gölməçələrində hələki qurbağalar quruldayır…
…İki gündür ki, redaksiyamızın elektron poçtuna Hacıqabuldan foto və videolar göndərilir. Hər kəsi təsirləndirəcək bu video və fotolara baxanda, sadəcə, Hacıqabul rayon İcra Hakmiyyətinin başçısı Əhməd Muxtarovun yerinə utanıb xəcalət çəkməli olduq. Niyə? Niyəsini aşağıdakı yazıdan görəcəksiniz. Söhbət son günlər (əslində, hər dəfə yağış yağanda Hacıqabulun mərkəzi bu vəziyyətə dönür) yağan qar sularının rayonda yaratdığı acı mənzərədən gedir. Foto-şəkillərdən görünür ki, məktəbin həyətindəki şəhidlərin xatirə lövhəsi bu su gölməçələrinin “sayəsində” insanlardan təcrid olunub… Əvvəl 9, indi 6 saylı tam orta məktəbin şagirdləri isə təbii ehtiyaclarını ödəmək üçün, hətta məktəbin tualetinə belə gedə bilmirlər… Bunlar biabırçılıqdır!
Prezidentin Hacuqabula ayırdığı 2 milyon hara getdi?
Bizi dünən Hacıqabuldan göndərilən məlum video və fotolar məcbur etdi ki, bu mövzunu tezləşdirək.
Keçək mətləbə: Hacıqabul rayonunun icra başçısı Əhməd Muxtarov da bilməlidir ki, Prezidentin Ehtiyat Fondunun vəsaitləri tükənməz deyil! Diqqətə çatdırım ki, məsələn, 2013-cü ildə Prezidentin Ehtiyat Fondu dövlət büdcəsinin gəlirlərinin 2 faizi həcmində, yaxud 367 milyon manat olub. Həmin rəqəm 2014-cü ildə 1,9 faizi, yaxud 343 mln. manat təşkil edib. Digər illər üzrə cərgələsək, məsələn, 2006-cı ildə Prezidentin Ehtiyat Fondundan rayonlara 75 milyon manat, 2007-də 114 milyon, 2008-də 154 milyon, 2009-da 178,8 milyon manat və s. xərclənib.
Bəli, Prezident ölkənin çiçəklənməsi yolunda səxavət göstərir, neftdən formalaşan Fondun vəsaitlərindən bu inkişafa yardım edir. Amma rayonlar düzəlmir ki, düzəlmir. Məsələn, aşağıda bütöv siyahını təqdim edəcəyik. Həmin siyahıdan görəcəksiniz ki, Prezident 2014-cü ildə Hacıqabulun sosial-iqtisadi inkişafı üçün, yəni küçə və yollarının, rayon mərkəzinin abadlaşdırılmasından ötrü 2 milyon manat pul ayırıb verib icra başçısı Əhməd Muxtarovun sərəncamına. Amma Prezidentin o cürə humanistliyi və rayona canyananlığının əvəzində görün Əhməd Muxtarovun rəhbəri olduğu rayonun mərkəzi nə gündədir: neçə gün əvvəl yası düşən vətəndaş palçıq və gölməçələrin əlindən meyidi qəbirstanlığa apara bilməyib… Özü də rayonun düz mərkəzində. Buna nə ad vermək olar?
Gülməli də olsa, bəlkə də bu İcra başçısının Hacıqabul şəhər sakinləinə bir mesajıdır ki, ölməyin, çünki qəbiristanlığa yol yoxdur!!! Afərin!
Hacıqabulun 6 saylı şəhər məktəbindəki vəziyyətə görə rayon Təhsil Şöbəsinin müdiri Məmmədovun yerinə utanmaq istəyirsən!
Bu foto və videonu isə (yootube-də və tezadlar.az saytında var) bizə Hacıqabul şəhər V.Quliyeva adına 6 saylı (əvvəlki 9 saylı) tam orta mətəbin müəllimlərindən biri göndərib. Bu videonu çəkdikcə göz yaşlarını içinə sıxan və həyacanından, bu biabırçılığa görə Hacıqabul TŞ-nin müdiri Şükür Məmmədovun yerinə xəcalət çəkdiyini bildirən müəllimin səsini montaj edərək oradan sildik. Çünki daş ürəkli insan belə həmin hönkürtüdən sarsıla bilər… Müəllim insanlıq, elm və mərifət öyrətdiyi şagirdlərinin qarşısında məktəbin həyətindəki biabırçılığa görə dözə bilmir. Bəs Hacıqabulun icra başçısı Əhməd Muxtarov və onun aidiyyəti məsələlər üzrə müavinləri necə???
Qeyd edək ki, foto və videoda yağış sularından sonrakı bərbad vəziyyət təsvir edilib. Göndərən müəllimin verdiyi məlumata görə, ayaqyolunun su ilə dolması səbəbindən istifadəyə yararsız hala düşdüyündən (ayaqyolu həyətdə yerləşir, ona əgər ayaqyolu demək mümkündürsə), hətta kiçik məktəblilər belə oturduğu yerdə “altını” isladır. Həqiqətən də dəhşətdir!
Doğrusu, bu məktəbin həyətinin hazırkı halını ürək ağrısı ilə seyr etməmək mümkün deyil: “…Vaxt var idi həmin məktəbin həyətində məktəb şagirdləri və müəllimlərin iməclikləri hesabına ağaclar əkilərdi, yaşıllıqlar salınmışdı. Bu məktəbin hər il neçə-neçə yetirmələri respublikanın ali məktəblərinə qəbul olunardı, bu məktəbdə neçə-neçə tanınmış insanlar təhsil alıblar… Bu məktəb rayon məktəbləri arasında xüsusi çəkiyə və yerə sahib olub. Lakin təəssüf ki, məktəb həyətinə nəzər saldıqda artıq orada çox şeylərin əvvəlki illərdən fərqli olduğunu sezməyə bimirsən. Hacıqabul təhsil ocağına olan bu münasibət isə bütünlükdə rayon mərkəzinin simasında da öz əksini tapıb. Gecələr qurbağalar kanalizasiya mərkəzi bərbad olan rayon mərkəzində quruldayıb haray salır, icra başçısını bu səsə “şərait yaratdığına görə” dərin minnətdarlıq edirlər”, deyir müəllimə. Bu barədə daha ətraflı növbəti yazıda bəhs olunacaq.
– Hacıqabula ayrılan vəsaitlər hara qeyb olur?
– İcra başçısı rayonda hansı kadr siyasəti yürüdür?
– Rayon mərkəzindəki əsas küçələrin keçilməz olmasından rayon yol-istismar idarəsi rəhbərliyinin xəbəri varmı?
– Ötən il yolların təmirinə nə qədər vəsait silinib-sənədlərin dili ilə!
(Təzadlar)(azfakt).