Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda məhkəmə-hüquq sistemində genişmiqyaslı dəyişikliklər həyata keçirməyi planlaşdırır.
Yenicag.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri məlumat yayıb.
Qəzetin hakim partiyaya yaxın mənbələrinin məlumatına görə, Paşinyan məhkəmə sistemini “başdan ayağa” tamamilə yeniləməyi, hətta güc strukturlarında da kadr dəyişiklikləri aparmağı planlaşdırır. Baş nazir bu barədə özünə yaxın “Vətəndaş Müqaviləsi” Partiyasının nümayəndələrinin qarşısında açıq şəkildə danışıb.
Məhz bu məqsədlə bir neçə gün öncə Paşinyan ədliyyə naziri Srbui Qalyan başda olmaqla, hüquq sahəsinin bütün nümayəndələrini hökumət binasına toplayıb. Baş nazir “Məhkəmə və hüquq islahatları, 2022-2026-cı illər üçün strategiyanın fəaliyyət planı” adı altında geniş müşavirə keçirib.
Qəzetin mənbələri bildirir ki, Paşinyanın əsas narazılığı məhkəmə proseslərinin həddindən artıq uzun çəkməsidir. Baş nazir hesab edir ki, bu amil onun hakimiyyətinin nüfuzuna mənfi təsir göstərir. Buna görə də o, yeni ədliyyə nazirinə bu problemi təcili həll etməyi tapşırıb.
Rafi Müslümov
www.yenicag.az