Regionda proseslər o qədər sürətlə dəyişir ki, nəinki proqnoz vermək, hətta baş verənləri ötəri şərh etmək belə çətinləşir. Dünənə qədər müharibə ritorikası üstünlük təşkil edirdisə, indi Qazaxın 4 kəndinin qaytarılması yönündə ciddi addımların atıldığını demək olar. Rəsmi Bakı 4 kəndin indiki mərhələdə qaytarılmasını, daha sonra isə digər 3 kəndinvə Kərkinin qaytarılmasını tələb edir.
Ermənistan tərəfində isə bu məsələyə rəsmilər müsbət münasibət bəsləyir kimi görünsə də, ictimaiyyət həmin rəsmiləri qınamaqla məşğuldur. Son günlər region ölkələri rəsmilərinin səfər marşrutu da çoxyömümlüdür. Ermənistanla Azərbaycan rəsmiləri görüşdüksən sonra Ermənistanın xarici işlər naziri Türkiyəyə yollanır, baş nazir Nikol Paşinyan Misirə səfər edir, Türkiyənin xarici işlər naziri Blinkenlə görüşür, İranla Ermənistan rəsmiləri arasında görüşlər baş tutur, Rusiyanın baş naziri Bakıya gəlir və sair.
Regionun taleyi masadadır desək, yanılmarıq. Türkiyə ilə Ermənistan arasında quru yolunun açılması yönündə addımlar atılır. Yeri gəlmişkən, Ermənistanla Türkiyə arasında quru sərhədlər bağlı olsa da, Ermənistanın ticarət dövriyyəsinin ən yüksək olduğu ölkələr sırasında Türkiyə üst yerlərdədir. Ermənistanla Türkiyə rəsmiləri verilən müsbət mesajlar fonunda erməni mediasında gedən bir xəbər diqqəti çəkir. Türkiyə Ermənistanla sərhədə artilleriya sistemləri, minaatan qurğuları yerləşdirir və bu bir başlanğıcdır.
Erməni mediası iddia edir ki, Türkiyə öz hərbi texnikasını qeyri-sabitliyin olduğu sərhədyanı zonalar istiqamətində yerləşdirir. Sual yaranır, Ermənistanda qeyri-sabitlik var? Siyasi baxımdan Ermənistanda qeyri-adi hadisələr baş vermir. İqtisadi planda isə Ermənistan bəlkə də çiçəklənmə dövrünü yaşayır. Nə qədər Ermənistanla Rusiya arasında problem olduğu görünsə də, Qərbin embarqoları sayəsində Ermənistandan Rusiyaya ixracın həcmi dəfələrlə artıb. Təbii ki ixrac olunan məhsullar yerli deyil, Avropadan və Çindən gətirilən əmtəədir.
Belə bir vəziyyətdə Türkiyə Ermənistan daxilində niyə qeyri-sabitlik görsün və ora hücum silahları yerləşdirsin? Hesab edirəm ki, bu ya Türkiyənin proqnozu, ya da kəşfiyyat məlumatı əsasında baş verir. İddialar var ki, Rusiya Ermənistanda ən azı siyasi dəyişikliyə getməyə çalışacaq. Haqlı olaraq sual yarana bilər ki, bəs Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi bir neçə dəfə artıbsa, Rusiya buna niyə getsin?. Qeyd edim ki, Qərbin sanksiyaları sərtləşəndə, rus iş adamları Ermənistana axın edərək orada çox sayda şirkətlər qurdular. Dolayısı ilə ixracı Ermənistan etmiş kimi görünsə də, əslində, bu ixraxın arxasında elə rusların özləri dayanır.
Maraqlı bir məqam ondan ibarətdir ki, Çin və Avropa İttifaqına məxsus malların Ermənistandan Rusiyaya ixrac edilməsi Qərbi də narahat etməyə başlayıb. Hətta Beynəlxalq Maliyyə İnsitutunun baş iqtisadçısı Robin Bruks bunun qarşısının alınmasına dair çağırış edib. Ermənistanda hakimiyyəti kim dəyimək istəyər? Hazırkı Ermənistan hakimiyyəti Rusiya xaric içi Azərbaycan qarışıq bütün ölkələrə sərf edir. Rusiya Ermənistanı forpostu görməyə alışıb. Ancaq Paşinyan hakimiyyəti Ermənistanı forpostluqdan çıxarıb. Qərbə inteqrasiya, Avropa İttifaqı ilə sadələşdirilmiş viza rejimi ilə bağlı danışıqlar, Fransanın regiona ayaq açması və digər məsələlər Rusiyanı narahat etməyə bilməz. Azərbaycana Paşinyan hakimiyyəti niyə sərf edir? Çünki ona qədər Ermənistan hakimiyyəti birbaşa Kremlə bağlı şəxslər olaraq Moskvanın diqtəsi ilə hərəkət ediblər. Onların hər bir kəlməsi və atdığı hər bir addım Moskvanın idi desək, doğru çıxar.
Paşinyanın fərqli istiqamət götürməsi Rusiyanı məcbur etdi ki, Ermənistanı Azərbaycanın əli ilə sıxsın. Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcəksə və Rusiya istədiyinə yenidən nail olacaqsa, Rusiyanın Azərbaycana qarşı münasibətində də dəyişiklik qaçılmaz olacaq. Hazırda regionda baş verənləri nəzərə alsaq, hadisələr gələcəkdə baş verəcək proseslərin hazırlıq mərhələsinə bənzəyir. Azərbaycanla Qərb, Rusiya ilə Ermənistan arasındakı siyasi gərginlik sonsuza qədər bu şəkildə davam edə bilməz.
Yaxın zamanda proseslər aktiv fazaya keçəcək.
Səxavət Məmməd
www.yenicag.az