“Məlumdur ki, Paşinyan artıq dəfələrlə bu istiqamətdə bəyanatlar səsləndirib. O, həm ictimaiyyətə, həm də partiyadaşlarına etdiyi müraciətlərində “Real Ermənistan” ideyasını ortaya qoyub”.
Bunu Yenicag.az-la söhbətində politoloq Rəşad Bayramov deyib.
Siyasi təhlil Ermənistanın Baş naziri Nikol Paşinyanın “Real Ermənistan” ideologiyasının təfərrüatlarına toxunub.
Xatırladaq ki, Ermənistanın “Hraparak” nəşri yazıb ki, Nikol Paşinyan Qarabağı Ermənistan Konstitusiyasından çıxarır.
Qəzetin məlumatına görə, Baş nazir sənədin preambulasında müstəqillik bəyannaməsinə istinadın dəyişdirilməsi üçün ölkə Konstitusiyasının dəyişdirilməsi ilə bağlı referenduma təklif verməyi planlaşdırır. Əvəzində isə onun müəllifi olduğu “Real Ermənistan” layihəsindən istifadə olunacaq.
Analitik qeyd edib ki, Paşinyanın “Real Ermənistan” ideyası indiki Ermənistan sərhədləri daxilində Ermənistan dövlətçiliyinin qurulmasını nəzərdə tutur, başqa sözlə, ayrı-ayrı ölkələrə qarşı ərazi iddialarından imtina edilməsi deməkdir:
“Bu məsələyə dair artıq konkret addımlar atılıb. Məlumdur ki, 2026-cı ilə qədər müvafiq Konstitusiya layihəsinin hazırlanması üçün bir komissiya yaradılıb və komissiya artıq fəaliyyətə başlayıb. Bu barədə mütəmadi olaraq mediaya məlumatlar ötürülür. Paşinyan Azərbaycanın şərtləri daxilində sülh sazişinin imzalanmasını dərk edir və 2026-cı ilə qədər vaxt udmağı planlaşdırır. 2026-cı ildə Ermənistanda növbəti seçkilər keçiriləcək və Paşinyan bu seçkilərdə qələbə qazanaraq mövqelərini möhkəmləndirdikdən sonra müvafiq konstitusiya dəyişikliyi etməyi düşünür”.
“Lakin bir məsələ var: Ermənistanda əhalinin bu istiqamətdə maarifləndirilməsi ilə bağlı heç bir ciddi iş aparılmır. Yalnız iki-üç aydan bir Paşinyanın bəyanatlarına şahidlik edirik. Bu məsələdə geniş müzakirələr və insanlar arasında maarifləndirmə işləri, demək olar ki, yoxdur. Nəticədə, son sorğulara görə, ölkə əhalisinin 52 faizi ərazi iddialarının və Ermənistanın müstəqillik bəyannaməsindəki istinadların götürülməsi ilə bağlı Konstitusiya dəyişikliyinə qarşıdır”, – deyə o, əlavə edib.
R. Bayramova görə, bütün bunlar göstərir ki, Paşinyan sadəcə olaraq bu məsələləri göstəriş xatirinə edir:
“Yəni ictimai rəyə baxmayaraq, o, Konstitusiyada ərazi iddialarının götürülməsi ilə bağlı işlərə hazırlıq görmək və görüşlər təşkil etmək istəsə də, əsas məqsəd Azərbaycanın üzərinə təzyiq göstərmək və sülh sazişinin Azərbaycana uyğun olmayan şərtlərlə imzalanmasını təmin etməkdir. Lakin bu məsələnin həlli tapmadığı təqdirdə, sülh sazişinin imzalanması bizim maraqlarımıza cavab vermir. Çünki belə bir saziş ərazi iddiaları qalarsa, sadəcə kağız parçasından başqa bir şey olmayacaq”.
Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, Paşinyan 2026-cı ilə qədər vaxt udmağa çalışır və o müddətdə seçkilərdə öz qələbəsini təmin etməyi, həmçinin Ermənistanın gələcək silahlanma prosesini və xarici dəstəyi nəzərə alaraq sülh sazişinin imzalanmasını təxirə salmağı planlaşdırır:
“2026-cı ilə qədər vaxt udmaq, həm də Ermənistanın gələcək mövqelərini daha güclü etməyə imkan verəcək. Bu müddətdə Ermənistanın silahlanması və xarici əlaqələrinin güclənməsi sülh sazişinin imzalanmasından əvvəl yeni müharibə başlamaq ehtimalını da gündəmə gətirə bilər. Bu səbəbdən, Paşinyanın “Real Ermənistan” çağırışları və 2026-cı ilə planlaşdırılan Konstitusiya islahatlarına yanaşma, əsasən, vaxt udmağa və mövcud vəziyyəti qiymətləndirməyə yönəlib”.
Rafi Müslümov
www.yenicag.az