Ermənistan hökuməti 1 aprel tarixindən etibarən Qarabağ erməniləri üçün aylıq maliyyə dəstəyini azaltmağı planlaşdırır.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qəzet yazır ki, aprel-iyun aylarında yalnız 1-ci və 2-ci qrup əlillər, 18 yaşına çatmamış şəxslər və pensiyaçılar bu yardımı ala biləcəklər.
KİV-in məlumatına görə, bundan əlavə, adambaşına ödənilən məbləğ 50 min dram (təxminən 217 manat/127 dollar) əvəzinə, 40 min dram (təxminən 173 manat/102 dollar) olacaq.
Qeyd olunur ki, hökumətin bu qərarı minlərlə Qarabağ ermənilərinin Ermənistandakı müvəqqəti sığınacaqlardan məhrum olmasına və mənzil kirayəsini ödəyə bilmədikləri üçün küçələrdə qalmasına səbəb ola bilər.
Nəşrin əldə etdiyi məlumata görə, sözügedən məsələ ilə bağlı Qarabağ erməniləri yaxın zamanlarda İrəvanda etiraz aksiyaları keçirə bilərlər. İddialara görə, hətta onlar etiraz aksiyalarının planını da müzakirə edirlər. Onlar Paşinyan hakimiyyətindən özlərinə aid olan dəstək proqramının ləğv olunmamasını və ya onların mənzil problemlərinin həll edilməsini tələb etməyi planlaşdırırlar. Yaxın vaxtlarda kütləvi aksiyaların keçirilməsi gözlənilir.
Rafi Müslümov
www.yenicag.az