“Konstitusiyada yer alan ərazi iddiaları ilə bağlı dəyişiklik Ermənistanın qonşu dövlətlərlə münasibətlərində xüsusi əhəmiyyət kəsb edir”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın konstitusiya dəyişikliyi üçün iki il lazım olduğu ilə bağlı bəyanatını şərh edən politoloq Nazim Cəfərsoy deyib.
Onun sözlərinə görə, bu açıqlama daha çox daxili auditoriyaya hesablanıb.
“Baş nazir qərarları hansısa diqtə, yaxud təzyiq ilə deyil, öz iradəsi ilə verdiyini göstərməyə çalışır. Əslinə qaldıqda, belə addımlar sülh prosesinə təhlükə yaradır. Çünki bir müddətdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün müsbət istiqamətdə işlər görülürdü.
Ermənistan Konstitusiyasında müəyyən dəyişikliklərin zəruriliyini nəzərə almaq lazımdır. İstər Türkiyə, istərsə də Azərbaycan dəfələrlə bununla bağlı bəyanat səsləndirib. Həmin konstitusiyada yer alan ərazi iddiaları ilə bağlı dəyişiklik Ermənistanın qonşu dövlətlərlə münasibətlərində xüsusi əhəmiyyət kəsb edir”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az