Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasında xeyli deputat Avropa Şurasının təqdim etdiyi qanun layihəsinin parlament tərəfindən qəbul edilməsinin təxirə salınması üçün mübarizə aparıb riskləri tam dəyərləndirmək istəsə də, Nikol Paşinyan qərarından dönməz qalıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, nəticədə sözügedən qanun layihəsi fevralın 11-də başlayacaq növbəti iclasların gündəliyinə daxil edilib. Məlumata görə, həftənin sonunda və ya bazar ertəsi isə hakim partiyanın üzvləri Paşinyanla görüş gözləyirlər. Baş nazirin partiya üzvlərinə hansı ictimai açıqlamalarla bu prosesi əsaslandırmalı olduqları və nəyi necə deməli olduqları ilə bağlı göstərişlər verəcəyi bildirilir.
KİV-in hakimiyyətdaxili mənbələrinin verdiyi informasiyalara görə, hakim fraksiya daxilində ciddi narahatlıqlar var:
“Belə ki, Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət etməsi iqtisadi baxımdan böyük problemlər yarada bilər. Rusiya, hətta Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxarılması məsələsini gündəmə gətirə bilər ki, bu da Ermənistan iqtisadiyyatına ciddi zərbə vura bilər. Bu məsələ aylardır qapalı formatda Paşinyan və hökumətin digər nümayəndələri ilə müzakirə olunur. Risklər dəyərləndirildikdən sonra hələlik Aİ-yə üzvlük müraciətindən imtina edilməsi qərara alınmışdı”.
“Lakin bir çoxları üçün gözlənilmədən Paşinyan təkbaşına qərar qəbul edərək Avropa İttifaqına inteqrasiya prosesinə “yaşıl işıq” yandırdı. Halbuki, o, bundan əvvəl dəfələrlə bəyan etmişdi ki, Ermənistanı Aİ-də gözləmirlər. Mətbuat konfransında isə bu riskli qərarını xalqın üzərinə ataraq, guya on minlərlə vətəndaşın imza toplayaraq Ermənistanın Avropaya inteqrasiya yolunu dəstəklədiyini bildirib”, – deyə nəşr vurğulayıb.
Rafi Müslümov
www.yenicag.az