“İkibaşlı danışmaq Ermənistanın ənənəvi siyasətidir. Çünki Baş nazir Nikol Paşinyan rəsmi görüşlərdə bir fikri səsləndirir, İrəvana qayıtdıqdan sonra isə başqa sözlər danışır”.
Bu barədə Yenicag.az-a açıqlamasında politoloq Amid Əliyev deyib.
Politoloq dünənki Brüssel görüşü çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülhün əldə edilməsi ilə bağlı səsləndirdiyi fikirlər fonunda sərhəddə pozulan atəşkəsdən söz açıb.
Analitik düşünür ki, 2020-ci ildən sonra Ermənistan tərəfindən belə fikirlərin və münasibətlərin ardıcıl olduğunu görünür.
“Əsasən, biz burada bəyanatları qiymətləndirməməliyik, Çünki bəyanatlar hər yerdə və hər zaman səsləndirilə bilər ki, bunlar real hərəkətlər deyil. Ancaq real faktlar nədirsə, biz onları qiymətləndirməliyik. Bugünkü reallıq onu deyir ki, Ermənistan-Azərbaycan dövlət sərhədində silahlı qüvvələrin cəmləşdirilməsi, İrandan silahların daşınması, o cümlədən Fransadan silahların alınması həyata keçirilir. Sonuncu Brüssel görüşündə isə Ermənistana maliyyə yardımları ayrıldı”, – deyə o əlavə edib.
Siyasi təhlilçi sual edib ki, sözügedən faktlar nə üçündür:
“Təbii ki, əgər bu silahlar alınırsa, onların da anatomiyasına görə gec-tez istifadə olunacaq. Bəs kimə qarşı? Əlbəttə ki, bu, Gürcüstan, İran və Türkiyə olmayacaq. Deməli, təbii olaraq, hədəf Azərbaycandır. Ona görə də Prezident İlham Əliyev ABŞ-nin dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə telefon danışığında məhz bu məqamları bildirib ki, Azərbaycanda əsaslı şübhələr var ki, siz Ermənistanı yeni revanşizmə, bizə qarşı hazırlayırsınız”.
Həmsöhbətimizin qənaətincə, ehtiyat edilən məqam bundan ibarətdir ki, Ermənistan yenidən Azərbaycana qarşı yeni təxribatlar həyata keçirmək istəyəcək:
“Artıq bunun ilkin qığılcımları da mövcuddur. Yəni Naxçıvan, Tovuz və digər istiqamətlərdə atəşkəs pozulur və Ermənistan tərəfindən ardıcıl olaraq mövqelərimiz atəşə tutulur. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan dildə sülh desə də, real olaraq bu ölkənin hərbi generaliteti buna əməl etmir. Ola bilər ki, Ermənistan Silahlı Qüvvələrinin hərbi generallar heyəti burada birbaşa Qərbin direktivlərini həyata keçirir. Çünki Ermənistan ordusunda həm Qərbə, həm də Rusiyaya işləyən bir çox qüvvələr var ki, onlar Baş nazir Paşinyanın sözügedən siyasi addımlarını qəbul etmirlər və 4 kəndi Azərbaycana qaytarmaq istəmirlər. Onlar öz fikirlərini belə əsaslandırırlar ki, Baş nazirin nə deməyindən asılı olmayaraq, biz həmin əraziləri qaytarmayacağıq. Bu narrativlər də özünü büruzə verir”.
“Bu gün Ermənistan cəmiyyətində həm Rusiya, həm də Qərbdən asılı olan qüvvələr var ki, onlar da birbaşa bu proseslərə təsir edirlər. Görünən budur ki, Brüssel görüşündən sonra erməni hökuməti ilə vətəndaş arasındakı çat bir xeyli dərinləşib. Çünki cəmiyyətin bir hissəsi bu proseslə razıdırsa, digər hissəsi, ümumiyyətlə, narazıdır. Ona görə də müharibənin yenidən başladılması üçün ilkin işartıları görürük” – deyə A. Əliyev fikirlərini tamamlayıb.
Rafi Müslümov
www.yenicag.az