!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın növbəti RİYAKARLIĞI: Baş nazir İrandan mədəd ummaq istəyir - “Sülh kəsişməsi” şousu nəticəsi qaldı

!Reklam – Yazi

“Nikol Paşinyanın növbəti riyakarlığı da nəticə vermədi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) direktor müavini, politoloq İlyas Hüseynov deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın İran səfəri ilə bağlı fikirlərini bölüşüb.

İ. Hüseynovun sözlərinə görə, Vətən müharibəsindən sonra Ermənistan-İran münasibətlərində inkişaf hiss olunmağa başladı:

“Bununla Ermənistan Azərbaycan-Türkiyə müttəfiqliyinə qarşı İrandan istifadə etməyi düşünürdü. Hətta Azərbaycanla İran arasında olan gərginliyi daha şişirtməyə çalışan rəsmi İrəvan buradan özünə siyasi və təhlükəsizlik dividentlərinə iddialı idi.

Azərbaycan və İran liderlərinin dövlət sərhədində görüşü Bakı və Tehran münasibətlərini yeni mərhələyə daşıdı. Tehranda yeni və əzəmətli binada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması da Azərbaycan-İran münasibətlərində “perezaqruzka” anlamını kəsb edir”.

Onun fikrincə, buna baxmayaraq, İranın prezidenti İ. Rəisinin helikopter qəzasında həlak olmasını da erməni ekspertlər öz maraqları naminə şərh etməkdən çəkinmirdilər:

“Ardınca doktor Pezeşkianın İranda prezident seçilməsi ilə həyəcan keçirən Ermənistanın siyasi esteblişmenti öz riyakar simasını yenidən ortaya qoydu. Qərbə doğru inteqrasiya etməyi əsas prioritet seçən və anti-Rusiya ritorikasını genişləndirən Ermənistanın baş naziri Nikol Paşinyan Pezeşkianın inauqurasiya mərasiminə qatılmaqla İrəvan və Tehran arasında münasibətlərdə yaxınlığı nümayiş etdirmək niyyətini ifadə etdi. Kilsə, diaspora və Qarabağ erməniləri ilə bağlı böyük problemlər yaşayan Ermənistanın baş naziri Nikol Paşinyan İrandan mədəd ummaq istədi. Ermənistan müstəqil olduqdan sonra öz suveren maraqlarını Rusiyaya təhvil verdikdən sonra indi də Qərblə münasibətlərə üstünlük verməklə İranla mehriban qonşuluq siyasəti yürütməyə çalışır. Qlobal məkanda bir-biri ilə mübarizə müstəvisindən olan güc mərkəzləri ilə paralel münasibətlər qurmağın mümkünsüzlüyü hər kəsə bəllidir”.

Analitikin qənaətinə görə, Ermənistanın ərazisində Avropa İttifaqının “mülki” missiyası yerləşdikdən sonra İranın bu xüsusda narazılığını göstərən bəyanatları ilə yanaşı, Paşinyan Avropa ilə münasibətlərdə artan dinamikanı saxlamağa çalışdı:

“ABŞ-la Ermənistan arasında keçirilən “Eagle Partner” hərbi təlimləri, ABŞ dövlət katibinin müavinlərinin ard-arda İrəvana səfərləri, Aİ-nin Ermənistanda missiyasının qalıcı olması, gələcəkdə bu “missiyanın” hərbi bazaya çevrilmək perspektivləri, ABŞ-ın Ermənistanda həddindən artıq böyük səfirliyinin fəaliyyət göstərməsi, Fransadan alınan silahlar, Aİ Sülh Fondundan ayrılan vəsaitlər rəsmi Tehran üçün də siqnal olmalıdır.
Bununla yanaşı, İranın Ermənistandakı səfiri Mehdi Sübhani də ermənipərəstliyindən geri qalmır, hər vəchlə İran-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışan bəyanatlar səsləndirir”.

“İşin ən qəribə və anlaşılmaz tərəfi bundan ibarətdir ki, Ermənistanın Rusiya ilə münasibətlərinə gəlincə, ABŞ İrəvanı “demokratiya cəfakeşi”, “məzlum demokratiya sevdalısı” gözündə görürsə, İranla Ermənistanın təmaslarına müəmmalı şəkildə göz yumulur. Bəlkə də bu təmaslarda Ermənistan Qərbin xeyrinə casusluq edir və İranın mövqeyini öyrənməyə çalışır…

Ermənistanın baş naziri Nikol Paşinyanla İranın ali dini lideri Əli Xamneyi ilə görüşündə Zəngəzur dəhlizinin Ermənistanın maraqlarının xeyrinə olmadığı bildirildi. Maraqlıdır ki, son dövrlər Rusiya, ABŞ və İran rəsmiləri Ermənistanın maraqları daha uca səslə haqqında danışır və Ermənistan bütün qütblərlə bərabərhüquqlu münasibətlər qurmağa çalışarkən, vassal mövqeyindən xilas ola bilmir”, – deyə o, əlavə edib.
Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, Ermənistanın “sülh kəsişməsi” şousu da öz nəticəsini vermədi və Paşinyanın niyyəti Tehran tərəfindən qəzəblə qarşılandı:

“Digər tərəfdən, İranın ali dini lideri Əli Xamneyinin Fransanı və Parisdə keçirilən Olimpiya oyunlarının açılış mərasimində baş verən vakxanaliyanı tənqid etməsi də Paşinyan üçün nəticə çıxarılmalı fikirlər olmalıdır. Əslində, Paşinyanın özü də bacısı Makron kimi LGBT ideyalarını təbliğ edir və onlar üçün bu cür açılış mərasimlərində “şoular” adi haldır”.

“Geosiyasi planda öz subyektlivliyini itirən Ermənistana bu gün bütün güc mərkəzləri yol göstərməyə, hansı cəmiyyətin, mədəniyyətin, təhlükəsizlik çətirinin və iqtisadi formasiyanın doğru və ideal olduğunu sübuta yetirməyə çalışırlar. Paşinyanın bir-biri ilə antaqonist mövqedə olan, bu və ya digər formada 2 qlobal müharibənin iştirakçısı olan dövlətlərlə təmasları dövlətçiliyin tamamilə itirilməsi ilə nəticələnə bilər. Tarix boyu bu cür müxtəlif stullarda oturan siyasətçilərin acı aqibətinin şahidi olmuşuq. Paşinyan da onların yolu ilə əmin addımlayır”, – deyə siyasi təhlilçi fikirlərini tamamlayıb.

Rafi Müslümov

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv