“Paşinyanın təhlükəsizliyinə təhdid olarsa, MTX məlumat verəcək” – Armen Qriqoryan
“Ermənistanın təhlükəsizlik orqanları Baş nazir Nikol Paşinyanın Moskvada həyatı üçün hər hansı təhdid olacağı təqdirdə mütləq məlumat verəcəklər”.
Yenicag.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumət iclasından sonra jurnalistlərin sualını cavablandırarkən bildirib.
Jurnalistin “Moskvada baş nazirin həyatına təhlükə olub-olmaması ilə bağlı araşdırma aparılıbmı və bu barədə siz onu məlumatlandırmısınızmı” sualına cavab verən Qriqoryan qeyd edib:
“Əgər hansısa təhlükə varsa, bizim Milli Təhlükəsizlik Xidməti (MTX) və digər qurumlar vəziyyəti qiymətləndirir və təhlükə olacağı halda müvafiq şəkildə məlumat verirlər”, – deyə o bildirib.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında İkinci Dünya müharibəsindəki qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirakını təsdiqləyib.
Bundan əvvəl isə Ermənistan parlamentinin sədri Alen Simonyan Ukrayna prezidenti Volodimir Zelenskinin bəyanatına münasibət bildirərək qeyd etmişdi ki, Kiyev 9 may paradında iştirak edəcək xarici nümayəndə heyətlərinin təhlükəsizliyinə zəmanət verə bilməz. Simonyan isə vurğulamışdı ki, rəsmi İrəvan Baş nazir Nikol Paşinyanın Moskvaya səfəri zamanı təhlükəsizliklə bağlı hər hansı problem görmür.