!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Payızda hansı qidalar qəbul edilməlidir? – Bu yeməklərdən uzaq durun

!Reklam – Yazi

“Payızda əsasən orqanizmi gücləndirən, immuniteti artıran və enerji verən qidalara üstünlük vermək lazımdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında payız fəslində qəbul edilməsi vacib və uzaq durulması lazım olan qidalar barədə danışan sağlam qida təbliğatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, payız fəsli qidalanmanın xüsusi diqqət tələb etdiyi vaxtdır.

“Bu dövrdə immunitet sistemimiz zəifləyə bilir və bu baxımdan sağlam və düzgün qidalanma immunitet sistemimizin güclənməsində mühüm rol oynayır.
Yay aylarında daha çox yüngül və sulu qidalar qəbul edirdik. Payızda isə orqanizmimiz soyuğa və fəsil dəyişikliklərinə uyğunlaşmaq üçün daha çox qida maddələrinə ehtiyac duyur. Payızda əsasən orqanizmi gücləndirən, immuniteti artıran və enerji verən qidalara üstünlük vermək lazımdır. Bu fəsildə təbii və mövsümi qidalar seçilməli, vitamin və mineral baxımından zəngin məhsullar istehlak olunmalıdır. C vitamini ilə zəngin meyvə və tərəvəzlər immunitet sistemini gücləndirir, soyuqdəymə və qrip kimi xəstəliklərdən qoruyur. Bu baxımdan sitrus meyvələri (portağal, mandarin), kivi, alma, nar və balqabaq kimi məhsulları qida rasionumuza daxil etsək faydalı olar”, – deyə o əlavə edib.

A.Vəliyev qeyd edib ki, payızda, xüsusilə tərkibində lif olan qidalar qəbul edilməlidir.

“Bu, bağırsaqların sağlam fəaliyyəti və ümumi sağlamlığı qorumaq üçün vacibdir. Qışa hazırlıq üçün orqanizm enerjiyə və vitaminlərə daha çox ehtiyac duyur. İspanaq, kələm, brokoli kimi yaşıl tərəvəzlər C vitamini, dəmir və digər minerallar baxımından zəngindir. Yulaf, qəhvəyi düyü və digər tam taxıllar uzun müddət toxluq hissi verir və qan şəkərini stabil saxlayır. Toyuq, balıq, yumurta, fındıq, badam kimi qidalar orqanizmin zülal və enerji ehtiyacını ödəyir. Zəncəfil, sarımsaq, darçın və bal kimi təbii məhsullar immuniteti gücləndirərək, orqanizmi viruslardan qoruyur”, – deyə o vurğulayıb.

Mütəxəssis əlavə edib ki, payız fəslində uzaq durmalı olduğumuz qidalar arasında xüsusilə çox yağlı, şəkərli və işlənmiş qidalar var.

“Bu qidalar orqanizmdə artıq enerji toplanmasına, həzm sisteminin yüklənməsinə və ümumi sağlamlığın zəifləməsinə səbəb ola bilir. Bu baxımdan “Fast-food”, yağda qızardılmış qidalar payız aylarında orqanizmin immunitetini zəiflədə və çəki artımına səbəb ola bilər. Tortlar, şirniyyatlar və qazlı içkilər həzm sistemini pozur və artıq enerji yığılmasına gətirib çıxarır.
Qlütenli və aşağı keyfiyyətli un məhsulları enerji səviyyəsini aşağı salır və uzunmüddətli toxluq təmin etmir.

Yekun olaraq payız fəslində düzgün qidalanma tərzi ilə orqanizmin dəyişən hava şərtlərinə uyğunlaşması və xəstəliklərdən qorunması mümkündür. Mövsümi və təbii qidalara üstünlük verərək, immunitetinizi gücləndirə və qışa sağlam hazırlana bilərik”, – deyə o, fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv