Payız fəsli olmasına baxmayaraq, hazırda havalar kifayət qədər soyuq keçir. Bəzi insanlar isə uzun müddət açıq havada qalmalı, soyuqda işləməli olurlar. Bu da onların orqanizmində ciddi fəsadların yaranmasına gətirib çıxara bilər.
Bəs, görəsən, soyuq havada uzun müddət qalmaq hansı xəstəliklərə səbəb olur? Soyuqdan qorunmaq üçün hansı vasitələrdən istifadə etməliyik?
Mövzu ilə bağlı Yenicag.az-a danışan həkim-terapevt Zakir Quliyev deyib ki, uzun müddət soyuq, yaxud da istiyə məruz qalanda istər-istəməz insan bədənində bəzi dəyişikliklər baş verə bilir.
“Ümumiyyətlə, soyuq və ya isti birbaşa hər hansı bir xəstəliyə yol açmır. Bəzi insanlar elə düşünürlər ki, soyuq havadan boğazımız ağrıyır, onun təsirindən xəstələnirik. Ümumiyyətlə, bu xəstəliklərin, çox zaman isə soyuqlama dediyimiz xəstəliklərin əksəriyyəti istər bakteriya, istərsə də viruslar olmasından asılı olmayaraq, mikrorqanizmlər tərəfindən törədilir. Lakin uzun müddət soyuğa, yaxud da istiyə məruz qalanda istər-istəməz bədənimizdə bəzi dəyişikliklər baş verir. Çünki soyuğun uzun müddət bədənə təsiri nəticəsində immun sistemi zəifləyir və zəif olan immun sistemi də bir çox xəstəliklərin qapısının açılmasına gətirib çıxarır”, – deyə o bildirib.
Həkim onu da qeyd edib ki, soyuq havalarda maye qəbuluna da xüsusi diqqət yetirmək lazımdır:
“Ona görə də mütləq şəkildə soyuq havada uzun müddət işləyən insanlar daimi olaraq isti geyimlərə üstünlük verməli, soyuqla isti havanı mütləq növbəli şəkildə əvəz etməlidirlər. İsti mayelərin burada qəbulu da vacibdir. Bəzən soyuq havada uzun müddət qalacaq insanların immun sistemini gücləndirmək üçün öncədən müəyyən analizlər verib hər hansı bir xəstəliyinin olub-olmamasını aşkarlamaq vacib olur. Çünki hər hansı xroniki xəstəliyi olan insanların soyuq havaya uzun müddət məruz qalması altda yatan xəstəliyin daha da ağırlaşmasına gətirib çıxara bilər”.
İsmayıl Bakuvi
www.yenicag.az