Pəhləvinin çağırışı və Vaşinqtonun "B planı": İranda nələr baş verir?
“Mollalara qarşı çıxan fars toplumunun müəyyən kəsimində Pəhləvilərə qarşı müsbət münasibətin mövcud olduğu danılmazdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rza Pəhləviyə İsrail və ABŞ-nin dəstəyi, həmçinin İranda mümkün rejim dəyişikliyi perspektivlərindən danışıb.
Politoloq bildirib ki, İran monarxiyasının son hökmdarının varisi Rza Pəhləvinin yanvarın 8-i və 9-u tarixlərində əhalini küçə aksiyalarına səsləməsi təkcə daxili auditoriyaya hesablanmış addım deyil:
“Bu çağırış, eyni zamanda, onun özü üçün, eləcə də Vaşinqton və Tel-Əviv baxımından bir növ siyasi sınaq xarakteri daşıyır. Rza Pəhləvi uzun müddətdir ki, ABŞ və İsrail dairələrində mövcud İran hakimiyyətinə qarşı əsas fiqur kimi təqdim olunmağa çalışır”.
Elxan Şahinoğlunun sözlərinə görə, Pəhləvinin fəallaşmasına səbəb son etirazlarda adının tez-tez çəkilməsi olub. Lakin o, ölkədəki ciddi fikir ayrılıqlarına da diqqət çəkib:
“İranda yaşayan etnik qrupların, xüsusilə də azərbaycanlıların böyük hissəsi teokratik idarəçiliyin devrilməsindən sonra Pəhləvi ailəsinin simasında yenidən şah rejiminin bərpa olunmasını qəbul etmir. Buna rəğmən, fars toplumunun müəyyən kəsimində Pəhləvilərə qarşı müsbət münasibətin mövcud olduğu da bir həqiqətdir”.
Politoloq vurğulayıb ki, aksiyaların miqyası xarici güclərin gələcək addımlarını müəyyən edəcək:
“Əgər yanvarın 8–9-da planlaşdırılan aksiyalar əvvəlki günlərlə müqayisədə daha geniş miqyas alarsa, bu vəziyyət ABŞ və İsrailin Rza Pəhləviyə olan etimadını gücləndirə bilər. Əks ssenaridə isə Vaşinqton və Tel-Əviv İranla bağlı strategiyalarında başqa alternativ fiqurlar və modellər üzərində düşünməyə başlayacaqlar”.
Nəsimi Ələsgərli












