Polad Bülbüloğlunun cavabı verildi: “Moskvada isti kabinetində oturub, Rusiyaya yaltaqlanır” – Partiya sədri

“Bu qələbənin əldə olunmasında bizə “Bir millət, iki dövlət” olduğumuz, canımızdan artıq sevdiyimiz türk qardaşlarımız kömək etdi”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiyanın RBK telekanalına müsahibəsində Qarabağa Türkiyə sülhməramlılarının yeridilməyəcəyi haqda iddialarını şərh edən Müasir Musavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

MMP sədrinin sözlərinə görə, səfir bu cür yolverilməz fikirlər səsləndirməklə, Rusiyaya yarınmağa çalışır:

“Polad Bülbüloğlu ruslara yaltaqlanmaqla, təbii ki, oradakı yerini isti etməyi düşünür. O çalışır ki, ruslara yarınsın, onlara yaxşı görünmək üçün də bu cür fikirlər səsləndirir.

Amma o unutmamalıdır ki, Azərbaycan xalqının əzmi, cənab Ali baş Komandanın möhtəşəm fəaliyyəti və bizim siyasi partiyaların birliyi sayəsində onun dədə-babasının tapdaq altında qalan yurdu işğalçılardan azad edilib.

Bu qələbənin əldə olunmasında bizə “Bir millət, iki dövlət” olduğumuz, canımızdan artıq sevdiyimiz türk qardaşlarımız kömək etdi. Xalqımız torpaqlarımız uğrunda vuruşanda, Polad Bülbüloğlu Moskvada isti kabinetində oturub ruslara yarınmaqla məşğul idi”.

Cəvahir