!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polisin kəsdiyi “KARANTİN CƏZASI”: “Cərimənin dərhal ödənilməsi tələbi qanunsuzdur” - Vəkildən İZAH

!Reklam – Yazi

“Vətəndaş polis bölməsinə aparılsa da, şəxsiyyəti müəyyənləşdirildikdən sonra dərhal sərbəst buraxılmalıdır”.

Azərbaycanda bəzi vətəndaşlar karantin qaydalarının pozulmasına görə polisin cəriməni yerində ödəmək və bəzi hallarda polis idarəsinə aparılmaq tələbindən şikayətçidirlər.

Bununla yanaşı, əksər vətəndaşlar karantin rejimi qaydalarının pozulmasına görə yazılan cərimələrin çoxunun kağız daşıyıcıda qeyd edilməməsindən və vətəndaşa həmin protokolun nümunəsinin təqdim olunmamasından narazıdırlar.

Belə ki, cərimələnən vətəndaşın şəxsiyyət vəsiqəsinin fotoşəkli çəkilir, sonra kənar yerdə bort kompüter vasitəsilə cərimə sistemə daxil edilir. Cərimənin məbləği və səbəbi ilə bağlı isə vətəndaşlara protokol təqdim edilmir. O baxımdan, vətəndaşı hansı hallarda polis şöbəsinə aparmaq olar və ona yazılan cərimə necə tərtib olunmalıdır kimi sualların aktuallığı xeyli artıb.

Mövzu ilə bağlı vəkil Roman Qaraşov Yenicag.az-a açıqlamasında bildirib ki, karantin cəriməsinin yerində ödənilməsinin tələb edilməsi və ya şəxsin səhərə kimi polis bölməsində saxlanılması qanuna ziddir:

“Əgər vətəndaşın şəxsiyyətini sürücülük vəsiqəsi və ya şəxsiyyət vəsiqəsi vasitəsilə yerində müəyyən etmək mümkündürsə, bu halda şəxs polis bölməsinə aparıla bilməz. Hətta vətəndaş polis bölməsinə aparılsa belə, şəxsiyyəti müəyyənləşdirildikdən sonra dərhal sərbəst buraxılmalıdır.

Ümumiyyətlə, cərimənin yerində dərhal ödənişi və ya şəxsin polis bölməsinə aparılaraq yaxın dost-tanışından ödənişi tələb etməsi ilə bağlı prosedur tamamilə qanunsuzdur. Əgər belə hallar yaşanarsa, vətəndaş Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ünvanlaya bilər.

Çünki şəxsin 10 gün müddəti ərzində tərtib olunmuş və ona təqdim olunmuş protokoldan şikayət etmək hüququ var. Protokol şəxsin ünvanına göndərilə bilər və ya şəxsin özü gedib protokolu ala bilər. Bütün hallarda inzibati cərimə edilən şəxsə protokol mütləq təqdim edilməlidir. Yəni vətəndaş nəyə görə və hansı məbləğdə cərimə olunduğunu bilməlidir.

Protokolun təqdim edildiyi gündən etibarən, 10 gün ərzində şəxs məhkəməyə müraicət edərsə, iş araşdırıla bilər. Məhkəmə vətəndaşın inzibati xəta törətməsi ilə bağlı qərar qəbul edərsə, bu halda qərar qüvvəyə minmiş hesab olunur. Cərimə 30 gün ərzində ödənilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

2019
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv