!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident başsağlığı verdi

!Reklam – Yazi

802beabd526a1fd145c2ead66c1e6930Prezident İlham Əliyev, dövlət və hökumət üzvləri sabiq deputat Həsən Mirzəyevin vəfatı ilə bağlı başsağlığı verib. Lent.az-ın məlumatına görə, nekroloqda deyilir: “Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Tanınmış ictimai xadim və pedaqoq, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyev 2015-ci il fevralın 25-də ömrünün 88-ci ilində vəfat edib. Həsən Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb.

Həsən Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. Həsən Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin İnstitutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub.

Respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edən Həsən Mirzəyev 1998-ci və 2000-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Bütün bu dövr ərzində öhdəsinə düşən hər bir işə o, dərin məsuliyyətlə yanaşaraq, fəaliyyət göstərdiyi sahələrdə yüksək peşəkarlıq nümayiş etdirib. Həsən Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb. Azərbaycan filologiya elminin inkişafında Həsən Mirzəyevin özünəməxsus yeri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı. Alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tarixin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Onun, həmçinin folklorşünaslıq sahəsində fəaliyyəti təqdirə layiqdir. Həsən Mirzəyevin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb. O, eyni zamanda, mütəmadi surətdə bədii yaradıcılıqla məşğul olurdu.

Filologiya üzrə ixtisaslı kadrların hazırlanması işində Həsən Mirzəyev öz bilik və bacarığını əsirgəməyib. Onun rəhbərliyi altında bir çox tədqiqatçı dissertasiya müdafiə edib. Həsən Mirzəyevin dilçiliyin aktual məsələləri ilə bağlı müxtəlif elmi simpozium və konfranslardakı çıxışları daim rəğbətlə qarşılanıb. 1990-cı illərin əvvəllərindən etibarən respublikada cərəyan edən ictimai-siyasi proseslər zamanı Həsən Mirzəyev fəal vətəndaşlıq mövqeyi nümayiş etdirib və taleyüklü hadisələrə münasibətdə Azərbaycan xalqının milli mənafelərinə daim sadiq qalıb.

Həsən Mirzəyevin çoxillik elmi-pedaqoji və ictimai fəaliyyəti layiqincə qiymətləndirilib. O, bir sıra təltiflərə, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeninə layiq görülüb.
Tanınmış pedaqoq, dilçi alim və xeyirxah insan Həsən İbrahim oğlu Mirzəyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!”

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv