“Prezident İlham Əliyev Türk Dünyasının gələcək 50 ilini dizayn edir” – Türkmənistan səfərinin PƏRDƏARXASI
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkmənistana səfəri sadəcə rəsmi bir səfər deyil. Prezident Əliyev “Böyük Ailə” adlandırdığı Türk Dünyasına yönəlik genişmiqyaslı və strateji bir siyasət həyata keçirir. Uzunmüddətli və sistemli şəkildə qurulan bu siyasətin məqsədi təkcə Azərbaycanın türk dövlətləri ilə iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək deyil. Şübhəsiz, Azərbaycan inkişaf etmək, zənginləşmək və imkanlarını bölüşmək istəyir. Lakin Prezident Əliyev, əsasən, Türk Dünyasını “qardaşlıq hüququ” əsasında birləşdirmək və gücləndirmək siyasəti yürüdür”.
Bunu Yenicag.az-a açıqlamasında Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin məşhur çıxışını diqqətə çatdırıb:
“Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur. Biz özümüzü yaxşı tanıyırıq. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz bu təşkilatı gücləndirməyə xidmət edir. Biz birləşməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada mühüm aktora və güc mərkəzinə çevrilsin. Buna yalnız birlikdə nail ola bilərik”.
S. Karakılıç söyləyib ki, Prezident İ. Əliyev bu yanaşması ilə Türk Dünyasının gələcək əlli ilini formalaşdırır:
“Azərbaycan, türk xalqlarının ortaq əlifbaya keçidi üçün xüsusi bir strategiya həyata keçirərək Türkiyə ilə birlikdə Türk Dünyasını nizamlamağa və tarixi köklərinə qaytarmağa çalışır. Qafqazın və Türk Dünyasının aparıcı aktorlarından biri kimi Azərbaycan məqsədyönlü siyasəti ilə Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistan rəhbərliyini “ailə şüuru” ilə hərəkət etməyə təşviq edir. Bundan əlavə, ölkə öz problemlərini kənar qüvvələri cəlb etmədən, daxildə həll etməyə iradə göstərir. Bu isə şübhəsiz ki, ciddi dövlətçiliyin göstəricisidir”.
O, xatırladıb ki, Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə bir sıra sənədlər imzalayıblar:
“Burada iqtisadi məsələlərlə yanaşı, əsas məsələ siyasi xarakter daşıyırdı. Zəngəzur dəhlizinin açılması yalnız ticarət maşınlarının keçidini təmin etməyəcək. Bu dəhliz, əslində, “Böyük Ailə”miz olan Türk Dünyasının mənəvi qüdrət qapısı olacaq. Zəngəzur dəhlizi qarşılıqlı ünsiyyət, birbaşa əlaqə və bütün ehtiyacların vasitəsiz şəkildə qarşılanmasına imkan verəcək. Bu yol Türkiyə-Azərbaycan əlaqələrini və ümumilikdə Türk Dünyasını birləşdirərək onun gücünü dünyaya ixrac etməsini təmin edəcək. Bu isə şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik uğuru kimi qiymətləndiriləcək”.
Müsahibimizin fikrincə, Qars-İğdır-Aralıq-Dilucu dəmiryolu xəttinin təməlinin qoyulması da Zəngəzur dəhlizinin açılmasına hazırlığın ciddi addımıdır:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev bölgə xaricində heç bir dövlətin Qafqazı və Orta Asiyanı formalaşdırmasına imkan vermədən regionu birgə dizayn etməyə çalışırlar. Xüsusən Qafqazda diqqətli və məqsədyönlü siyasət yürüdən Türkiyə və Azərbaycan bölgənin sabit və sağlam düzənə qovuşmasını istəyir. Zəngəzur yolu ilə Türk Dünyasının “Ailə Birliyi” qurulur. Bu yol beynəlxalq ticarət şəbəkəsini formalaşdıracaq, Çin Səddindən Adriatik dənizinədək türk dövlətlərini birləşdirəcək. Eyni zamanda Çin-Avropa ticarət marşrutunu da Türk Dünyası bu yol vasitəsilə nəzarətə götürəcək. Bütün bunların fövqündə isə “Böyük Ailə”miz Türk Dünyası bu yol sayəsində mənəvi və psixoloji üstünlük qazanacaq ki, ən böyük nailiyyət də məhz budur”.
Rafi Müslümov