İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü olub.
Yenicag.az xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi və enerji sahələrində uğurla inkişaf etdiyi qeyd olunub.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Prezident İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha bildirib, Ermənistanın təmas xəttində son hərbi təxribatı haqqında məlumat verib.
Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlərdən danışıb.
Reks Tillerson qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək.
Prezident İlham Əliyev XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə ABŞ Prezidenti Donald Trampa minnətdarlığının çatdırılmasını Reks Tillersondan xahiş edib. Dövlətimizin başçısı bu məktubu ABŞ-ın Azərbaycanın enerji siyasətinə, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyi kimi dəyərləndirib.
ABŞ-ın dövlət katibi Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyətini, eyni zamanda, ölkəmizin bu əməliyyatlarda logistik və nəqliyyat dəhlizi rolunu yüksək qiymətləndirib.
Söhbət zamanı, həmçinin ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafı ilə bağlı məsələlər müzakirə edilib. (APA)
www.yenicag.az