Prezidentdən USTAD DƏRSİ – Şuşadan verilən mesajların QLOBAL GÜCÜ
“Cənab Prezident forum iştirakçılarına və dünyaya ustad dərsi keçdi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin müdafiə və təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Deputat III Şuşa Qlobal Media Forumu haqqında danışaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin forumdakı çıxışını şərh edib:
“Şuşada keçirilən media forumun əsas məqamlarından biri məhz cənab Prezidentin bu forumda iştirak etməsidir. Cənab Prezident iştirakı ilə eyni zamanda iştirakçılara, media nümayəndələrinə sanki ustad dərsi keçirdi. Eləcə də xarici media nümayəndələrinin verdiyi suallara ətraflı cavab verməklə istər dünyada, istər regionda baş verən proseslərin təhlilini edərək hər birini rəflərə düzürdü. Əsas məqamlardan biri təbii ki, ABŞ-nin dünyada baş verən hadisələrə münasibəti, eyni zamanda Cənubi Qafqazda baş verən hadisələr və ən mühüm addımlardan da biri Rusiyanın Azərbaycanla olan münasibəti idi”.
A. Nağıyev Prezidentin çıxışındakı ən önəmli məqamları da diqqətə çatdırıb:
“Prezident təyyarəmizin vurulması ilə başlanan proseslərin hazırda hansı istiqamətə yönəlməsini də şərh etdi. Birmənalı şəkildə hərbi, iqtisadi, siyasi, müdafiə xarakterli və digər məsələlərə tam şəkildə cənab Prezident aydınlıq gətirdiyinin şahidi olduq. Bir məqam da qeyd edilməlidir ki, burda əsas istiqamətlərdən biri də Azərbaycan-Ermənistan məsələsidir. Əbu-Dabi şəhərində keçirilən görüşdən sonra hansı proseslərin baş verməsi cənab Prezidentin qeyd etdiyi razılıq əldə edilə bilsə də, hər bir maddə olan həmin səhifələr paraflanmalı, imzalarla təsdiq olunmalıdır. Bu gün Ermənistan təəssüf ki, onları imzası ilə təsdiq etmir. Bu proseslərdə də, qeyd etdiyimiz kimi, konstitusiyanın dəyişdirilməsi, vizual kəşfiyyatçıların sərhəddən götürülməsi, ATƏT-in Minsk qrupunun həmsədrliyinin ləğv edilməsi əsas məqam olaraq nəzərə alınır. Ən böyük problemlərdən də biri Zəngəzur dəhlizi ilə bağlıdır”.
Millət vəkili onu da qeyd edib ki, ABŞ-nin Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürmək istəməsi qonşu ölkələrdə təşviş yaradıb:
“Son vaxtlar ABŞ-nin məhz Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürmək istəyi, eyni zamanda Zəngəzur dəhlizindən istifadədə iki dövlətin hansı addımları ata biləcəyi ilə bağlı bir sıra məqamlar var. Cənab Prezidentin də qeyd etdiyi kimi 2020-ci ildən indiyədək bizim ən mühüm tələblərimizdən biri türk dövlətləri arasında quru sərhədlərin götürülməsinə son qoyulması və Zəngəzur dəhlizinin açılmasıdır. Bu tək Azərbaycanın bəzi rayonlarının Naxçıvanla birləşməsi deyil, bu qlobal formada logistik beynəlxalq daşımaları həyata keçirən bir yolun açılması deməkdir. Bu yol Çindən başlayaraq Avropaya gedən yoldur və Azərbaycan da burda çox mühüm rol oynayır. Zəngəzur dəhlizinin məhz ABŞ tərəfindən idarəçiliyini öz üzərinə götürməsinə Ermənistanın reaksiyası və qlobal oyunçularla bərabər olaraq qonşu dövlətlərin, istər Rusiya, istər İranın əks münasibətləri göz önündədir. İran ciddi cəhdlə çalışır ki, ABŞ regiona gəlməsin, buna baxmayaraq, NATO-nun üzvü olan dövlətlər şərti sərhəddə vizual kəşfiyyatçılarını yerləşdiriblər. Düşünürəm ki, İran birmənalı şəkildə Zəngəzur dəhlizinin açılmasına razı olmalı və bu məsələdə öz mövqeyini ortaya qoymalıdır. Digər məsələ isə Rusiyanın Zəngəzur dəhlizinin açılmasında maraqlı olmalı olmasıdır”.
Sonda müsahibimiz bəyan edib ki, Zəngəzur dəhlizi açılarsa, bu Rusiyaya sanksiyalardan yayınmaq üçün avantaj olacaq:
“Müxtəlif sanksiyaların tətbiq olunduğu Rusiya gələcəkdə daşınacaq yüklərin məhz dəhliz vasitəsilə daşınmasına nail ola, bu daşımalarda iştirak edə bilər. Sadəcə olaraq Rusiya və İran tandemi bu narazılığı yaratmaqdadır. Bu gün dəhlizin açılması tək Paşinyan və onun istəyindən asılı deyil. Burada beynəlxalq, eyni zamanda supergüclərdən söhbət gedir. Gələcəkdə isə Rusiya – Ukrayna müharibəsi bitərsə, bu daşınma prosesi ən ciddi məsələnin bir başlanğıcı ola bilər. Təbii ki, bu prosesdə Azərbaycan aparıcı rol oynaya bilər. Bu da Azərbaycanın bütün dövlətlər tərəfindən tanınan iqtisadi, siyasi, hərbi cəhətdən gücə malik olduğunun bariz sübutu və Azərbaycan Respublikası prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar və müstəqil istər daxili, istər xarici siyasətin olmasıdır”.
Nurlan Cəfəri