Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Prezidentə yazırlar: "Bu gün də istənilən tapşırığınızı yerinə yetirməyə hazıram"

Reklam: High Technic

Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməkdə davam edir. Onlar Vətən müharibəsində qazandığımız tarixi Zəfərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

Yenicag.az məktublardan bəzilərini təqdim edir:

Vüsal İbrəhimovdan, Şirvan, Azərbaycan: “Möhtərəm cənab Prezident.

Bizim vətən müharibəsində qələbəmizi şərtləndirən ən vacib məqam – Ulu Öndərimiz xalqımızın çağırışı ilə Azərbaycanı bəlalardan xilas edərək modern və güclü iqtisadiyyatın təməlini qoydu, Sizin bu siyasi xətti uğurla davam etdirməyinizlə güclü ordu quruculuğu formalaşdırılması oldu. Azərbaycan xalqının bəxti gözəl oldu, ona görə ki, bu xalqa, dövlətə və Vətənə xalqını sevən, onun uğrunda hər an gözünü qırpmadan bütün əziyyətlərə qatlanan və xalqın, dövlətin maraqlarını hər şeydən üstün tutan Ulu Öndərimiz və onun layiqli davamçısı Siz, bizim Liderimiz oldunuz. Vətən müharibəsində siyasi və hərbi qələbəmizin uğurları, Sizin siyasi iradənizə əsaslanır və eyni zamanda, rəhbəri olduğunuz müzəffər Ordumuzun gücü ilə zəfər çaldıq. Mən, Sizin və Ordumuzun yanındayam! Möhtərəm cənab Prezident Xalqımıza silsilə qəlbə sevinci yaşatdığınız, bütün beynəlxalq təzyiqlərə mərdcəsinə lazımı cavab verdiyinizə və Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdiyinizə görə, Sizə sonsuz minnətdarlığımı ifadə etməklə qürur duyuram. Siz, Azərbaycan xalqının “Milli Qəhrəmanı”, tarix yazan qalib Sərkərdəsi, ən çox dəstəyə layiq olan Prezidenti və müzəffər Ali Baş Komandanısınız. Allah, Sizi hər zaman zirvələrdə qərarlaşdırsın. Azərbaycanın bütün sahələrində inkişafı uğrunda müqəddəs fəaliyyətinizdə yorulmaz uğurlar diləyirəm. Sizin kimi Prezidentimiz olduğuna, Sizin seçiciniz olduğuma görə çox məmnun və xoşbəxtəm”.

Eldar Əhmədovdan, Neftçala, Azərbaycan: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan. Mən bir Azərbaycan vətəndaşı kimi qələbə qazandığımız üçün çox sevinirəm və Sizi ailəmiz adından, şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Dövlətimiz və xalqımız üçün etdiklərinizə görə Sizə çox minnətdarıq. Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Əziz Prezidentimiz, əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Allah Sizi qorusun”.

Elçin Zeynalovdan, Ağsu, Azərbaycan: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan. Sizi Laçın rayonunun bütün sakinləri, o cümlədən ailəmizin üzvləri adından şanlı Ordumuzun qazandığı qələbələr, doğma torpaqların yağı düşməndən azad edilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz eyni vaxtda iki düşmənlə – gözəgörünməz koronavirus pandemiyası və gözəgörünən ermənilərlə mübarizə apardınız. Əminəm ki, erməni işğalçıları üzərində qazandığınız parlaq qələbəni pandemiya ilə mübarizədə də qazanacaqsınız.

Siz öz şücaətinizlə, qətiyyətinizlə, iradənizlə, uzaqgörənliyinizlə və qeyrətinizlə bizim 28 illik həsrətimizə son qoydunuz və Azərbaycan xalqının Milli Qəhrəmanı oldunuz. Döyüş meydanında qazandığınız bu fəxri ad hər bir azərbaycanlının ürəyindən xəbər verir.

Siz Azərbaycan xalqının qüdrətini təkcə Ermənistana deyil, bütün dünyaya göstərdiniz. Sizin sayənizdə biz təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də qalib gəldik. Müharibə getdiyi bir vaxtda dünyanın aparıcı kanallarına mətin, əsaslı cavablarınızla haqq səsimizi çatdırdınız.

Azərbaycan xalqı bütün varlığı ilə Sizə inanır. Siz bu xalqın xilaskarısınız. Allah Sizi qorusun!

Sizin əsl qalib Sərkərdə olmağınızı tək biz yox, bütün dünya gördü. Siz öz adınızı tarix səhifələrinə qızıl hərflərlə yazdınız. Siz mənim 80 yaşlı atamın, 70 yaşlı anamın həsrətinə son qoydunuz. İnanıram ki, rayonumuzun bütün sakinləri mənim kimi doğma Laçınımızda Sizin qızıldan büstünüzü görmək istəyirlər.

Ömrümüz boyu Sizə minnətdarıq. Sizin şərəfinizə nə qədər xoş sözlər deyilsə də, nə qədər kitablar yazılsa da, yenə azdır.

Bir daha Sizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dünya durduqca durasınız! Allah yar və yardımçınız olsun! Amin!”.

Mürsəl Əliyevdən, Gəncə, Azərbaycan: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi uğrunda gedən Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm, Sizi bağrıma basıram. Bütün xalqımız kimi Sizinlə fəxr edirəm, Ordumuzla qürur duyuram. Döyüşdə qazandığımız Qələbəyə görə dövlətimizə, Ordumuza, ən başlıcası isə Sizə, Ali Baş Komandanımıza minnətdarıq.

Allah Azərbaycan xalqını, Azərbaycan əsgərini qorusun, hörmətli Prezidentimizin kölgəsini Azərbaycan xalqının başı üzərindən əskik etməsin.

Cənab Prezident, bu yolda Sizinləyik, Sizi ürəkdən dəstəkləyir, Sizinlə fəxr edir, Sizi sevirik.

Allah Sizi qorusun, eşq olsun Sizə. Siz dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Siz bizim əbədi Prezidentimizsiniz.

Mən arzu edirəm ki, Siz Azərbaycan xalqının Milli Qəhrəmanı adına layiq görüləsiniz, çünki Siz həqiqətən də bizim Milli Qəhrəmanımızsınız. Bir çox ölkələrin təsir və təzyiqlərinə baxmayaraq, həm hərb cəbhəsində, həm də informasiya cəbhəsində böyük nailiyyətlər qazandığınız bütün dünyaya məlumdur. Bütün xalqımız kimi mən də Sizin zəkanıza, Sizin hazırcavablığınıza heyranam. Bizi sevməyən jurnalistlərin dilini qurudanda Sizi bağrıma basmaq istəyirdim. Sizinlə fəxr edir, qürur duyuram. Bu gün bütün xalqımız da mənim kimi Sizinlə fəxr edir. Bütün xalqımızın arzusudur ki, Sizi Azərbaycanın Milli Qəhrəmanı kimi görsünlər. Biz bunu ürəkdən arzu edirik. Mənim ən böyük arzum budur ki, Qələbə münasibətilə keçiriləcək hərbi paradda mənim də iştirak etməyim üçün icazəm olsun.

Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsində şəhid olmuş balalarımıza Allahdan rəhmət diləyir, onların ruhu qarşısında baş əyirik. Allah şəhidlərimizin valideynlərinə, bütün xalqımıza səbir versin.

Müzəffər Ali Baş Komandan, mən Gəncə əhalisi adından, ailəmiz adından, yuxarıda göstərilənləri Sizə bildirməklə bu gün apardığınız dönməz siyasəti dəstəkləyir, hər zaman Sizin yanınızda olduğumuzu bildirir və Vətən yolunda, dövlətimiz uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda canımdan keçməyə hazır olduğumu, hər an döyüşə getməyə canla-başla hazır olduğumu bildirmək istəyirəm”.

Məlahət Aslanovadan, Şəki, Azərbaycan: “Müzəffər Ali Baş Komandan! Sizi və komandanlıq etdiyiniz müzəffər Ordumuzu Qələbə bayramı münasibətilə ailəm və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə, ailənizə cansağlığı, uzun ömür arzulayıram. Allah Sizi, Ordumuzun əsgər və zabitlərini qorusun. Yaralı əsgərlərimizə Allahdan şəfa, şəhidlərimizə isə rəhmət diləyir, onların ruhları qarşısında baş əyirəm.

Azərbaycan xalqının xilaskarı, qəhrəman oğlu!

Nəzərinizə çatdırmaq istəyirəm ki, mənim 10-cu sinifdə oxuyan nəvəm də könüllü olaraq müharibəyə getmiş və döyüşlərdə qəlpə yarası almışdır. Mən nəvəmlə fəxr edirəm və indi səbirsizliklə onun yolunu gözləyirəm.

Əziz Ali Baş Komandanım, biz xoşbəxtik ki, Sizin kimi vətənpərvər, xalqını, millətini sevən Prezidentimiz var. Allah Sizi qorusun, mən Sizinlə fəxr edirəm.

Bakı Ali Neft Məktəbinin tələbələrindən, Bakı, Azərbaycan: “Möhtərəm cənab Prezident! Müzəffər Ali Baş Komandan!

Müqəddəs torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatması hər bir azərbaycanlı kimi bizim də qəlbimizdə böyük qürur və iftixar hissi yaratmışdır. 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi şərəfli tariximizin ən mühüm hadisəsidir. 44 gün davam edən müharibədə beynəlxalq səviyyədə bəyan etdiyiniz “Qarabağ Azərbaycandır!” sözləriniz xalqımızın haqq, ədalət uğrunda savaşının simvolu olaraq milli birliyimizi, bütövlüyümüzü və həmrəyliyimizi daha da gücləndirdi. Ali Baş Komandan kimi Sizin yüksək idarəçiliyiniz və böyük sərkərdəlik məharətinizlə idarə olunan Silahlı Qüvvələrimiz doğma torpaqlar uğrunda böyük fədakarlıq, əzm və qəhrəmanlıq nümayiş etdirdilər. Siz bütün bu uğurlarınızla dünyada güclü, qüvvətli, yenilməz və mətin Azərbaycan obrazı yaratdınız.

Möhtərəm cənab Prezident!

Biz Vətən Müharibəsinin davam etdiyi günlərdə Sizin imzaladığınız Sərəncamla Prezident təqaüdünə layiq görülmüş tələbə-gənclər olaraq Sizin intellektual əsgərlərinizik. Bu gün biz həm də qalib ölkənin vətəndaşı kimi işğal altında olan bütün torpaqlarımızın azadlığının şahidləriyik! Ancaq Sizin əmrinizlə bu şərəfli adı Müzəffər Ali Baş Komandanın sıravi əsgəri və şəhid adına dəyişdirməyə, Sizin intellektual əsgərləriniz olaraq bütün digər tapşırıqlarınızı da yerinə yetirməyə hazırıq!

Bütün sahələrdə qələbə Azərbaycanladır! Qarabağ Azərbaycandır!”.

Tofiq Dadaşovdan, Moskva, Rusiya: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi, Azərbaycan xalqını və rəşadətli Ordumuzu Böyük Qələbə münasibətilə ürəkdən təbrik edirəm! Yaxınlarımla birlikdə 44 gün ərzində Qarabağın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan əməliyyatları həyəcan və qürurla izlədik.

Xalqa müraciətləriniz və verdiyiniz çoxsaylı müsahibələr çoxmillətli Azərbaycan xalqını ətrafınızda daha da birləşdirdi, Qələbəyə inamı artırdı.

Siz peşəkar, parlaq bir siyasətçi kimi müasir tarixdə ustadlıq nümunəsi oldunuz. Qalib Azərbaycan Ordusu isə müharibə şəraitində bütün dünyaya nəciblik və insanlıq dərsi keçdi.

Hörmətli cənab Prezident, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə uğurlar arzulayıram”.

Əhməd Məlikovdan, Gəncə, Azərbaycan: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

Xalqımıza, bütün dünya Azərbaycanlılarına bəxş etdiyiniz möhtəşəm tarixi Qələbəyə görə Sizə minnətdarlığımızı bildiririk. Xoşbəxtik ki, bütün həyatını xalqının rifahı üçün sərf etməkdən yorulmayan, xalqı yumruq kimi birləşdirən, Azərbaycanın şanlı Qələbəsini tarixin səhifəsinə qızıl hərflərlə yazan cəsur, polad iradəli, siyasət meydanında yüksək idrak nümayiş etdirən Sizin kimi təcrübəli bir liderimiz var. Biz Sizinlə fəxr edirik. Tanrı Sizi qorusun!

Yeganə Mehdiyeva və Şahzadə Osmanovadan, Saatlı, Azərbaycan: “Hörmətli cənab Prezident,

Azərbaycan Ordusu Vətən müharibəsində böyük zəfərini qazandı və bununla gücünü dosta da, düşmənə də göstərdi. Azərbaycan Sizin illərdən bəri yorulmadan ölkəmizi inkişaf etdirməyinizin, işıqlı gələcək qurmağınızın sayəsində belə güclü oldu.

Möhtərəm Prezident,

Bizə yaşatdığınız Qələbə sevincinə görə Siz başda olmaqla bütün Azərbaycan xalqını təbrik edirik.

Bu möhtəşəm hissləri yaşadığımıza görə Sizə minnətdarıq.

Siz bizim əbədi Prezidentimizsiniz”.

Hilal Əhmədovdan, Quba, Azərbaycan: “Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan!

Zəmanəmizin ən böyük və görkəmli şəxsiyyəti, müasir Azərbaycan Respublikasının qurucusu, ulu öndərimiz Heydər Əliyevin Milli Ordu quruculuğunda əldə etdiyi yüksək nailiyyət Sizin tərəfinizdən uğurla davam etdirilir. Azərbaycan Ordusu bu gün çox güclü, qüdrətli, müzəffər və yenilməz Orduya çevrilmişdir.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, müqəddəs torpaqlarımızı mənfur düşmən tapdağından azad edərək, amansız düşmən üzərində qazanılmış tarixi Qələbə şəxsən Sizin müdrik siyasətinizin bəhrəsidir.

Allah Sizi xalqımızın xilaskarı olaraq yaratmışdır. Allah Sizi və xalqımızı qorusun! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın müzəffər Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!”.

Kərim Xoşzarədən, Təbriz, İran: “Möhtərəm Prezident.

Siz şərəfli bir insanın layiqli və şücaətli oğlusunuz. Biz təbrizlilər Sizinlə fəxr edirik. Mən şəxsən sevinirəm ki, Sizinlə eyni dövrdə yaşayıram. Siz qeyrətli müsəlman kimi Qarabağı Azərbaycana və İslama qaytardınız, məscidlərimizi murdarlardan xilas etdiniz.

Allah Sizi və möhtərəm ailənizi qorusun, hər zaman başıuca eləsin. Amin!”.

Murad Ömərovdan, Xarkov, Ukrayna: “Möhtərəm Prezident!

Sizi və Sizin şəxsinizdə bütün xalqımızı torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edir, ən xoş arzularımızı çatdırıram.

Biz çox fərəhlənirik ki, torpaqlarımızın 30 illik işğalı Şuşa qalasında şücayətli, cəsur əsgərlərimizin tarixə düşəcək qələbəsiylə başa çatdı. Mən 40 ildən çox ölkəmizdən kənarda yaşayan bir azərbaycanlı kimi Sizə və Sizin müdrik rəhbərliyiniz altında fəaliyyət göstərən hərbiçilərimizə, diplomatlarımıza və siyasətçilərimizə öz minnətdarlığımı bildirirəm.

Biz artıq qələbə çalmış böyük bir millətin nümayəndəsi kimi başımızı dik tutub qürurla gəzə bilərik və bunun üçün torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə qalxmış hərbiçilərimizin xatirəsi qarşısında baş əyirik, ulu Tanrıdan onlara rəhmət və yaralılarımıza şəfa diləyirik.

Ağdam, Kəlbəcər və Laçın rayonlarının Sizin müdrik siyasətiniz nəticəsində itki verilmədən azad olunması bizə bir daha əsas verir ki, gələcəkdə də diplomatiya cəbhəsində uğur qazanacaq və vəhşi ermənilər tərəfindən tamamilə viran edilmiş şəhər və kəndlərimizin bərpa ediləcəyinə əmin olaq!

Fürsətdən istifadə edərək Sizə şəxsən öz dərin minnətdarlığımı yetirirəm!”.

Çetinkaya Hakandan, Muğla, Türkiyə: “Hörmətli cənab İlham Əliyev.

Allahın izni və Sizin böyük fədakarlığınızla Qarabağ uğrunda zəfər yürüşünüz mübarək oldu. Sizin əməyinizi təqdir edir, Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə Sizə təbriklərimi çatdırıram.

Biz türk milləti olaraq azərbaycanlı qardaşlarımızla böyük qürur və xoşbəxtlik duyduq. Allah uğurlarınızı daimi eləsin!”.

Tofiq Şahmarovdan, Masallı, Azərbaycan: “Müzəffər Ali Baş Komandan!

Sizin rəhbərliyiniz, titanik fəaliyyətiniz, səbirliliyiniz, təmkinliliyiniz, zərgər dəqiqliyi ilə hesablanmış addımlarınız və Azərbaycan Ordusunun polad iradəsi, cəngavərliyi, igidliyi ilə dünya azərbaycanlılarının, türk dünyasının və Azərbaycan dövlətini sevən insanların arzularının çin olmasına nail olunmuşdur. 44 gün ərzində mənfur düşmənin dəmir beton istehkamları yerlə yeksan edildi. Azərbaycan əsgəri hər bir vətəndaşın gözü hesab edilir və ediləcək də.

Ali Baş Komandanımız cənab İlham Əliyev, artıq dünya fatehləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdən birinə çevrilmisiniz. Sizin əməyinizi xarakterizə etməyə söz və cümlə tapa bilmirəm. Siz 44 gün ərzində olan bütün çıxışlarınızda, müraciətlərinizdə, müsahibələrinizdə hər bir vətəndaşın içərisindən gələn fikri ifadə etdiniz. Bu çıxışlar və müraciətlər ilə Siz dünyada ən hündür dağdan da uca oldunuz. Azərbaycan Ordusunun şücaəti, xüsusilə Şuşa şəhərimizi azad etməsi ilə əlaqədar əməliyyatı hərbi akademiyalarda dərslik kimi tədris ediləcəkdir. Rus sərkərdəsi Suvorovun Alp dağlarını fəth etməsi ilə müqayisə edildikdə Şuşa əməliyyatı daha üstün görünür.

Möhtərəm Ali Baş Komandan, Siz doğrudan da xoşbəxt şəxsiyyətsiniz. Belə ki, Siz ata vəsiyyətini yerinə yetirdiniz, Siz xalqın istəyini təmin etdiniz, Mən bütün millətin fikrini ifadə edərək deyirəm: Siz millətin, xalqın qəhrəmanısınız. Belə bir adın təsis edilib Sizə verilməsini istəyirəm.

Ali Baş Komandan, Sizin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlığı azərbaycanlıların qürurla yaşamasını təmin etdi. Qardaş ölkənin və onun rəhbərinin Azərbaycana siyasi və mənəvi dəstəyi misilsizdir. Ulu Öndərimizin sözləri ilə desək, Azərbaycan dünyaya günəş kimi doğmaqdadır.

Möhtərəm Prezident, mən uzun müddət daxili işlər orqanlarında fəaliyyət göstərməklə, Qarabağ Müharibəsinin iştirakçısı və veteranı olmaqla tərəfinizdən ‘’İgidliyə görə” medalı ilə təltif edilmişəm. Bu gün də istənilən tapşırığınızı yerinə yetirməyə hazıram.

Ulu Tanrı Sizə yar və yardımçı olsun”.

Suludin Yusifovdan, Tərtər, Azərbaycan: “Möhtərəm cənab Prezident, əziz Ali Baş Komandan!

Qarabağ uğrunda gedən müharibədə möhtəşəm qələbə qazanmağımız münasibəti ilə Tərtər rayonunun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlar adından Sizi səmimi qəlbdən təbrik edirəm. Bu qələbə hər birimizi qürurlandırır. Fəxr edirik ki, Sizin kimi Ali Baş Komandanımız, Prezidentimiz var. Bu qələbəni Sizin qətiyyətiniz, sarsılmaz uzaqgörən siyasətiniz nəticəsində əldə etdik, mənfur erməniləri “iti qovan kimi” qovduq.

Bizə bu böyük qələbə sevincini yaşatdığınız üçün Sizə dərindən minnətdarıq. Bir daha Sizi, Azərbaycanın Milli Ordusunu və bütün Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edirik.

Tanrı Sizi qorusun. Tərtərlilər həmişəki kimi, yenə də Sizinlədir. Cocuq Mərcanlıdan başlayan böyük qayıdışımıza nail olduq. Biz birlikdə güclüyük!

Qarabağ Azərbaycandır!”.

www.yenicag.az

183