Prezidentin Zəngilandan Avropaya mesajı: “Bir güllə atsaq, dabanları parlayacaq” – Aqil Ələsgər yazır
Prezident İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşdə sadəcə açar təqdim etmədi. 30 ilin ağrısı, həsrəti, göz yaşı və qüruru bir meydanda qarşılaşdı.
Bir vaxtlar çamadanlarla ayaqyalın yurd-yuvasından çıxan insanlar bu dəfə öz şəhərlərinə açarla qayıtdılar…
Prezidentin çıxışındakı bəzi cümlələr isə təkcə siyasi mesaj deyildi. O cümlələr illərlə içində yığılan ağrının, qəzəbin və haqq savaşının sözə çevrilmiş forması idi.
“Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur”
Bu cümlə illərlə “status-kvo”, “kompromis”, “gözləyin” deyənlərə verilən cavabdır.
30 il boyunca Azərbaycanın haqqını masa arxasında dondurmağa çalışdılar. ATƏT-in Minsk Qrupu “vasitəçi” adı ilə gəldi, amma nəticədə işğal uzandı, şəhərlər viran qaldı, uşaqlar ata yurdunu şəkillərdən tanıdı.
Prezident bunu açıq dedi:
“Hər biri bu işğalı əbədi etmək istəyirdi”.
Bəlkə də, çıxışın ən ağır cümlələrindən biri məhz bu idi. Çünki Azərbaycan ilk dəfə bu qədər açıq şəkildə dedi: Problem təkcə Ermənistan deyildi. Onun arxasında dayananlar vardı.
“Bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi”
Bu cümlənin içində bir dövlətin 44 günlük savaşda tək qalmasının ağırlığı var. Prezident dedi ki, qarşılarında nüvə dövlətləri vardı.
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri vardı.
Təzyiq vardı.
Telefon diplomatiyası vardı.
“Dayanın” çağırışları vardı.
Amma bir şey yox idi: Azərbaycanın geri çəkilmək niyyəti.
“Öldü var, döndü yoxdur”.
Bəlkə də Zəfərin ən qısa izahı elə bu cümlədir.
“Şuşa əldən gedərsə…” – o yaraya yenə toxunuldu
Prezidentin çıxışında ən sarsıdıcı məqamlardan biri keçmiş hakimiyyətlə bağlı dediyi sözlər oldu:
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram deyən o namərd, xain bu gün də orada-burada sülənir”.
Bu sözlər sadəcə ittiham deyil.
Bu, bir xalqın taleyini yarımçıq qoyanlara verilən hökm idi.
Çünki insanlar yaxşı xatırlayır:
• necə qaçqın düşdüklərini,
• necə çadır düşərgələrində, yataqxanalarda yaşadıqlarını,
• necə uşaqların kəndini xəritədə axtardığını.
Prezidentin dediyi kimi: “Ordumuz faktiki olaraq quldurların əlində idi”.
O illərin ağrısı hələ də bu xalqın yaddaşındadır.
“Bir güllə atsaq, dabanları parlayacaq”
Bu cümlə, bəlkə də, çıxışın kulminasiyası idi.
Prezident Avropa missiyası barədə danışarkən açıq dedi:
“Biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq”.
Bu, artıq əvvəlki Azərbaycan deyil. Bu, qalib Azərbaycanın tonudur.
Ermənistandakı Avropa İttifaqı Monitorinq Missiyasının adı altında bölgədə siyasi oyun qurmağa çalışanlara Bakı açıq mesaj verdi:
“Azərbaycanı təzyiqlə qorxutmaq dövrü bitib”.
“Biz Ermənistanı məhv etmək istəmirdik”
Çıxışın ən diqqətçəkən tərəfi isə sərtliyin içindəki dövlət mövqeyi idi.
Prezident açıq dedi:
“Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi”.
Amma ardınca gələn cümlə də hər şeyi izah etdi:
“Əgər bizə qarşı yenidən təxribat törədilməsə”.
Yəni Azərbaycan sülh istəyir. Amma bu dəfə qalib xalq kimi.
Ən təsirli an isə siyasət yox, insanların gözləri idi
Bəlkə də, bu görüşün ən ağır səhnəsi çıxış yox, insanların baxışları idi. 30 il yataqxanada yaşayan adamın doğma şəhərində açar alması…
Bir müəllimin “Ağalıda uşaqlara dərs deyirik” deməsi…
Bir vaxtlar köçkün olan ailələrin artıq öz evinin eyvanına çıxması…
Bunlar siyasətdən böyük səhnələrdir.
Çünki Zəngilana bu dəfə sadəcə insanlar qayıtmadı.
Xatirələr qayıtdı.
Uşaqlıq qayıtdı.
Yarımçıq qalan həyat qayıtdı. Və ən əsası,
Azərbaycan o torpaqlara təkcə qalib kimi yox, sahib kimi qayıtdı.
Bu da ata vəsiyyətini baştacı edən Ali Baş Komandanın əsəridir…
Aqil Ələsgər












