Püstənin qiyməti "od tutub yanır": Dubay şokoladından sonra növbəti desert bumu
Dubay şokoladından ilhamlanaraq hazırlanan yeni desert Cənubi Koreyanı fəth edib. “Dubai chewy cookie” (Dubay saqqızlı peçenyesi) adı ilə tanınan bu şirniyyat ölkədə əsl desert bumu yaradıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, püstə kremi, tahin və xırtıldayan künafə telləri ilə hazırlanan bu desertin populyarlığı rekord həddə çatıb.
Desertin bu qədər sürətlə məşhurlaşmasının pərdəarxasında məşhur K-pop ulduzu Canq Von-yunq dayanır. Onun İnstaqram hesabında etdiyi paylaşım desertə olan marağı pik nöqtəyə çatdırıb. Hazırda bu peçenyelər təkcə ixtisaslaşmış desert dükanlarında deyil, restoranlardan marketlərə, hətta suşi və soyuq əriştə mərkəzlərinə qədər hər yerdə satılır.
Bu çılğınlıq iqtisadi təsirlərini də göstərməyə başlayıb. Desertə olan hədsiz tələbat püstənin qiymətini kəskin bahalaşdırıb. Vəziyyət o həddə çatıb ki, bir çox mağazalar hər müştəri üçün peçenye sayına limit tətbiq etməyə başlayıb. Eyni zamanda, trenddən qazanc əldə etmək istəyənlərin bazara saxta məhsullar çıxarması da ciddi narahatlıq yaradır.
Qida tənqidçiləri bildirirlər ki, peçenyenin qalın və sıx teksturası, eyni zamanda vizual cəlbediciliyi Koreya istehlakçılarının zövqünə tam uyğundur. Mütəxəssislərin rəyinə görə, bu xüsusiyyətlər “Dubay peçenyesi” trendinin hələ uzun müddət gündəmdə qalacağını şərtləndirir.
Sona Əliyeva












