Putin 26 il əvvəlki uşaqla yenidən görüşdü: "Siz heç dəyişməmisiniz, mən isə..." – FOTO
Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri zamanı maraqlı və duyğusal anlar yaşanıb. Rusiya lideri 26 il əvvəl Pekində tanış olduğu və fotosunu çəkdirdiyi uşaqla yenidən görüşüb.
Yenicag.az xəbər verir ki, maraqlı hadisənin kökü 2000-ci ilə gedib çıxır. Həmin il Putinin Çinə ilk rəsmi səfəri zamanı Pekindəki “Beihai” parkında ailəsi ilə gəzən 12 yaşlı Peng Pai Rusiya liderinin diqqətini çəkmişdi. Putin o zaman kiçik Pengi qucağına alaraq alnından öpmüş və onunla xatirə şəkli çəkdirmişdi.

Aradan 26 il keçdikdən sonra Putin Çinə növbəti rəsmi səfəri çərçivəsində tərəflər Pekindəki “Diaoyutai” dövlət iqamətgahında yenidən bir araya gəliblər.
Bu gün 38 yaşı olan və inşaat mühəndisi kimi fəaliyyət göstərən Peng Pai Rusiya lideri ilə görüşü zamanı xoş hisslərini gizlədə bilməyib:

“Sayın Putin, siz sanki heç dəyişməmisiniz, eyni görünürsünüz. Amma mən o balaca uşaqdan göbəkli və orta yaşlı bir adama çevrilmişəm”.
Səmimi keçən görüşdə Putin 2000-ci ildə çəkilən həmin tarixi fotonu imzalayaraq ona hədiyyə edib.

Uşaqlıq illərində Putinin ona göstərdiyi diqqət Peng Paidə Rusiyaya qarşı böyük bir maraq oyadıb. Məhz bu maraq onu 2007–2013-cü illərdə Moskvaya aparıb və o, burada körpü və tünel mühəndisliyi üzrə ali təhsil alıb. Rusiyada keçirdiyi illərin ona ölkənin tarixi və mədəniyyəti haqqında dərin biliklər qazandırdığını qeyd edən Peng, hazırda beynəlxalq layihələrdə çalışır.
İki övlad atası olan Peng Pai gələcəkdə ailəsi ilə birlikdə yenidən Rusiyaya səfər etməyi və övladlarına öz xatirələrini danışmağı planlaşdırır.
Ayşən













