Putin bu dəfə gözünü Odessaya TİKİB: “Zelenski gedənə qədər...”
“Rusiya Odessanın, Qara dəniz hövzəsinin onlara məxsus olmasını istəyir”.
Bu sözləri ABŞ-nin Ukrayna müharibəsi ilə bağlı atdığı addımlar, vasitəçiliklə bağlı qeyri-müəyyənliyi Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
O, bildirib ki, Rusiya uzunmüddətli atəşkəsə razı deyil:
“ABŞ rəsmi olaraq bəyan etdi ki, əgər Ukrayna ilə Rusiya arasında razılaşma olmasa, vasitəçilikdən geri çəkilə bilər. Bu hər iki tərəfə mesaj idi. Hazırda tərəflər arasında razılaşma yoxdur. Pasxa bayramı ərəfəsində atəşkəs razılaşması əldə olundu. Ancaq tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham etdilər. Belə çıxır ki, tərəflər atəşkəsə əməl etməyiblər”.
Onun sözlərinə görə, Vladimir Putin tərəfindən 9 mayla bağlı atəşkəsin edilməsi təklifi edilib:
“Ancaq Ukrayna tərəfi buna getmir. Bundan əvvəl enerji mənbələrinin vurulmaması yönündə razılaşma əldə olundu. Ancaq Rusiya Ukraynanı ittiham etdi ki, razılaşmaya əməl etmir. Bunda da razılaşma olmadı. Zelenskinin ofisinin rəhbəri bildirdi ki, atəşkəs razılaşması ya birdəfəlik, ya da uzunmüddətli olmalıdır. Rusiya isə uzunmüddətli atəşkəsə razı deyil. Çünki Rusiya bilir ki, nə qədər çox torpaq tutsa, o qədər şərtləri keçərli ola bilər. Artıq Rusiya rəsmilərinin dilindən Odessa haqqında da bəyanatlar səsləndirilir. Onlar Odessanın, Qara dəniz hövzəsinin onların olmasını istəyir”.
Analitikin fikrincə, ABŞ tərəfindən 22 maddəlik təklif hazırlanır:
“Bundan əlavə, ABŞ Ukraynaya 50 milyonluq hərbi yardım ayırıb. Ancaq bu yardımda kommersiya sözü var. Əvvəlki yardımlarda bu söz yox idi. Bu, birbaşa ABŞ dövləti tərəfindən yox, şirkət vasitəsi ilə Ukraynaya ötürüləcək. Faktiki olaraq Putin Zelenski ilə masa arxasında oturmaq istəmir. Ona belə çıxır ki, Zelenski gedənə qədər müharibə davam edə bilər. Ona görə də Rusiya Ukrayna müharibəsi uzanır”.
Səxavət Məmməd