“Biz Putinin dünənki mətbuat konfransında NBC-nin müxbiri Kir Hardinin sualına verilən cavablara diqqət yetirməliyik. O, Vladimir Putinə belə bir sual verdi ki, “hazırda Rusiya zəifləyib, siz çox şeyi itirmisiniz. Halbuki, gələndə deyirdiniz ki, mən Rusiyanı gücləndirəcəyəm. Bu halda öz vədlərinizə əməl etmiş hesab edilirsinizmi?” Putin isə cavabında söylədi ki, Rusiya bu gün tamamilə vədlərinə əməl edib və gücünü göstərib. Əvvəllər Rusiyanın zəiflədiyini deyənlər indi onun real gücünü qəbul etməyə məcburdur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.
Analitik Rusiya prezidenti Vladimir Putinin 2024-cü ilin yekunlarına dair ötən gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.
N. Şəfiyev əlavə edib ki, həqiqətən də hazırkı durumda Rusiyanın mövqeyi onun gücünü təsdiqləyir:
“Qərb mediasının yazılarına baxmayaraq, reallıq fərqlidir. Xüsusən də Ukrayna müharibəsində Qərbin elan edilməmiş şəkildə istifadə etdiyi silahlar, o cümlədən hava hücumundan müdafiə qurğuları Rusiyanın yeni texnologiyalarına qarşı effektiv olmayıb. “Oreşnik” uzaqmənzilli və ortamənzilli ballistik raketlərlə bağlı üstünlük göstərdi, bu da Qərbin hərbi gücünə dair şübhələr yaradır”.
Siyasi təhlilçi söyləyib ki, Rusiyanın bu addımları Qərb üçün bir çağırışdır:
“Güclərinizi açıq şəkildə nümayiş etdirin, amma münaqişədən zərər çəkən insanların hüquqlarını nəzərə alın”. Buna baxmayaraq, Qərbdən hələ ki bir sutka keçməsinə baxmayaraq, konkret reaksiya yoxdur. Bu isə Qərbdə müəyyən narahatlığın və ehtiyatın olduğunu göstərir. Həmçinin Qərb mətbuatında Ukrayna münaqişəsinin dayandırılması ilə bağlı çağırışlar artmaqdadır. Bu fikirlər, ehtimal ki, Rusiyanın hərbi uğurları fonunda daha da güclənir”.
“Trampın prezidentliyi dövründəki praqmatik siyasət də xatırlanır və onun yenidən hakimiyyətə gəlməsi halına 2025-ci ilin ortalarına qədər Ukrayna münaqişəsinin başa çatacağı ehtimal edilir. Putin açıq şəkildə bəyan edib ki, Rusiyanın sülh şərtləri dəyişməz olaraq qalır. Əgər bu şərtlərlə sülh razılaşması əldə edilərsə, Rusiya buna hazırdır. Lakin bu şərtlər qəbul edilməzsə, müharibə davam edəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az