Rusiya Federasiyasının Prezidenti Vladimir Putin hesab edir ki, Ukraynada hakimiyyətin legitimliyi ilə bağlı sualın cavabını ölkə konstitusiyasında axtarmaq lazımdır.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra bildirib.
Onun sözlərinə görə, Ukraynada hakimiyyətin legitimliyi ilə bağlı hüquqi təhlil lazımdır.
“Rusiya hesab edir ki, Zelenskinin legitimliyi bitib. Rusiya Ukrayna ilə danışıqları bərpa edərkən, sənədləri imzalayarkən bunu kiminlə edə biləcəyini və etməli olduğunu başa düşməlidir”, deyə Putin qeyd edib.
O qeyd edib ki, Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib. Putinin sözlərinə görə, 2022-ci il İstanbul razılaşmaları həm Kiyevi, həm də Moskvanı qane edirdi.
“Moskva görür ki, Ukrayna üzrə danışıqlara qayıtmaq zərurəti ilə bağlı söhbətlər yenidən başlayıb. Qoy qayıtsınlar. Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır, lakin artıq əldə olunmuş razılaşmalar əsasında danışıqlara qayıtmaq mümkündür”, deyə Putin vurğulayıb
www.yenicag.az