Putindən gizli KQB TAKTİKASI – Trampla danışıqları məhz belə İDARƏ EDİR
“Putin Trampla danışıqlarda təşəbbüsü tam ələ alıb. Rusiya lideri Trampla münasibətləri pozmadan ona faktiki yox deyə bildi. Eyni zamanda, hazırda atəşkəs daxili siyasət baxımından Trampa daha çox lazımdır. Bu isə Putinə danışıqlarda şərtləri irəli sürmək üçün rıçaqlar verir. Ən əsası isə Putin heç nə itirmir amma Qərbin hara qədər güzəştə gedə biləcəyini sınağa çəkir”.
Yenicag.az xəbər verir ki, bu barədə “The Spectator” nəşrinin köşə yazarı, rusiyaşünas analitik Mark Qaleottinin məqaləsində qeyd olunub.
Onun sözlərinə görə, ən əsası İran, Şimali Koreya, Çin kimi məsələlərdə Putin Trampla danışıqlarda təsir rıçaqı əldə edir:
“Putin KQB taktikası ilə Trampla danışıqları idarə edir. Onun müəyyən etdiyi komandada kifayət qədər təcrübəli şəxslər var. Putinin danışıqlar komandasının hamısı Qərbi yaxşı tanıyan fiqurlardan qurulub. Misal olaraq, buna qədər danışıqlarda iştirak edən Kiril Dmitriyev “Wall Street”də çalışıb, Amerika maliyyə elitası ilə yaxın münasibətlərə malikdir. O “McKinsey Group” və “Goldman Sachs” kimi nüfuzlu banklarda çalışıb, Harvard və Stenford kimi ali təhsil müəssisələrini bitirib”.
Analitik əmindir ki, Rusiya XİN strukturundan danışıqlarda iştirak etmiş nazir müavini Sergey Ryabkov strateji silahlar üzrə Putinin nümayəndəsidir və eyni zamanda, ABŞ-yə strateji silahlar üzrə dialoqda iştirak edib:
“XİN-in digər müavini olan Mixail Qaluzin də Ukrayna böhranı üzrə məşğul olan diplomatdır. Yəni Putin komandası bu işə tam hakim olan şəxslərdir. Son danışıqlarda iştirak edən senator Karasin 2000-2005-ci illə ərzində Rusiyanın Britaniyadakı səfiri, 2005-2015 Rusiya XİN müavini, hazırda isə Rusiya Federasiya Şurasının xarici əlaqələr komitəsinin əsas şəxsidir. O ingilis, fransız, alman dillərində səlis danışır”.
“Carnegie” Fondunun əməkdaşı, araşdırmaçı jurnalist Aleksandra Prokopenko isə yazır ki, Putin Trampla son danışıqlarda elə şərtlər irəli sürüb ki, bununla o faktiki olaraq Avropa üçün tələ qurub:
“Putin Ukraynanın onun tərəfinə atdığı topu Trampla münasibətləri pozmadan birbaşa Avropa tərəfə atdı. Misal olaraq Putin atəşkəs üçün Ukraynaya silah tədarükünün tamamilə dayandırılmasını şərt olaraq irəli sürüb. Üstəlik, burada yalnız ABŞ deyil, eyni zamanda, Avropa da bu anlaşmaya daxil olmalıdır. Putin çox gözəl bilir ki, Avropa bu addımı atmayacaq”.
Mütəxəssisin fikrincə, Putin son Qara dəniz təşəbbüsü üçün Kənd Təsərrüfatı Bankının SWIFT sisteminə qaytarılmasını şərt kimi irəli sürüb:
“Bu isə Aİ-nin razılığı olmadan mümkün deyil. Beləliklə Putin atəşkəs üçün qazanc əldə etmədən güzəştə getmək niyyətində deyil. Atəşkəs üçün ABŞ Avropaya təzyiqi artırmalıdır. Bu isə Transatlantik münasibətləri daha da gərginləşdirə bilər. Putin tələsmir və mərhələ-mərhələ addımlamağa iddialıdır”.
Rafi Müslümov