!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin Milli Məclisdəki “VƏKİLLƏRİ”: Azərbaycanlı deputat Rusiyanın hərbi təcavüzünü belə “arqumentləşdirir”

!Reklam – Yazi

Rusiyanın Ukraynaya qarşı bu il fevralın 24-də başladığı hərbi təcavüz bütün dünyada olduğu kimi Azərbaycanda da, demək olar, bütün mövzuları arxa plana keçirib. Ölkə mediasında və sosial şəbəkələrin Azərbaycan seqmentində əsas diqqət məhz bu məsələyə – Rusiyanın hərbi təcavüzünə, Ukraynanın inanılmaz müqavimətinə, birinci üçün işğalçılıq, ikinci üçün isə Vətən müharibəsinin gedişinə yönəlib.

Bəli, Rusiya prezidenti Vladimir Putin, onun komanda üzvləri, ölkənin rəsmi təbliğat maşını bu kampaniyanı hər nə qədər “xüsusi əməliyyat” adı ilə pərdələməyə çalışsa da, baş verənlərin tək bir adı var: hərbi təcavüz. Bir ölkənin digərinin ərazisinə onun razılığı olmadan ordu yeritməsinin, şəhərlərini viran qoymasının, əhalisini qırğına verməsinin başqa adı yoxdur, ola bilməz. Bütün dünya bunu belə qəbul edir.

Azərbaycan da öz prinsiplərinə, beynəlxalq hüququn normalarına sadiqliyini qoruyaraq bu hərbi təcavüz aksiyasına ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prizmasından yanaşır. Yəni rəsmi Bakı obyektiv səbəblərdən bu mövqeyini qabarıq göstərməsə də, Azərbaycanın bu savaşa münasibəti birmənalıdır. Cəmiyyətin mövqeyi isə daha açıq və konkretdir. Xalqın mütləq əksəriyyəti Vətən müharibəsi aparan Ukraynanın yanındadır.

Amma nə qədər acınacaqlı olsa da, Azərbaycanın rəsmi mövqeyinə, o cümlədən cəmiyyətin tərəddüdsüz rəğbətinə baxmayaraq, bu savaşda təcavüzkar Rusiyaya haqq qazandırmağı özlərinin sanki həyat missiyası kimi görənlər də var. Təəssüf ki, onların sırası yalnız dünyanın gəliş-gedişindən xəbərsiz insanlarla məhdudlaşmır, aralarında Milli Məclisin deputatı statusunu daşıyanlar da var.

Yenicag.az-da 2022-ci il martın 15-də yayımlanan “Prezidentin Ukrayna siyasətinə MEYDAN OXUMAQ: Deputat Elşad Mirbəşir oğlunu kim və necə cəsarətləndirir?” başlıqlı materialda parlamentin üzvü, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Elşad Mirbəşir oğlunun bir çıxışında Rusiyanın Ukraynaya hərbi təcavüzünə haqq qazandırmasından bəhs edilib.

Amma deputatın bu Rusiya təəssübkeşliyindən, onun Putinə vəkillik etməsindən narahat olanlar məsələyə təcili “aydınlıq gətirmək” üçün dövrəyə giriblər. Sosial şəbəkədə həmin konfransın videosunu yerləşdirərək Mirbəşir oğlunun Rusiyaya haqq qazandıran fikirlər səsləndirmədiyini iddia edirlər. Çox uğursuz və yersiz müdafiədir. Gəlin Mirbəşir oğlunun çıxışının həmin hissəsini olduğu kimi oxuyaq və nəticə çıxaraq (bu yazıda həmin video da təqdim olunur):

“Amma bir çox hallarda dünyanın aparıcı ölkələri öz davranışları ilə mütləq münaqişələrin baş verməsini şərtləndirirlər. Mən bu gün Rusiyanın siyasətini dəstəkləmək fikrindən çox uzağam. Amma Rusiya-Ukrayna münasibətlərinin bu həddə gəlib çatmasının səbəblərini ani olaraq araşdırsaq, onda kimin günahkar olduğunu çox yaxşı görərik.

2014-cü ilə qədər Ukrayna kifayət qədər sürətlə inkişaf edən bir ölkə idi, Krım da Ukraynanın tərkibində idi və Rusiya ilə Ukrayna arasında heç bir gərginlik yox idi. 2014-cü ildən sonra vəziyyət tamam dəyişdi və məqsəd də göz önündə idi: Qara dəniz NATO-nun daxili dənizinə çevrilməli idi. Yaxşı, belə olan halda, təbii ki, bəlli dövlət də (Rusiya – red.) özünün təhlükəsizliyini düşünməlidir”.

Rusiyanın hərbi təcavüzünə haqq qazandırmaq daha necə olur?

Deputat açıq mətnlə Putinin bu işğalçı kampaniyasını “Rusiyanın təhlükəsizliyi” ilə əlaqələndirir. Onun düşüncəsinə görə, bu savaşın səbəbkarı “aparıcı ölkələr” və NATO-dur. Sən demə, Rusiyanın yüz minlərlə insan həyatına son qoyan Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı münaqişələrinə, Gürcüstana hərbi müdaxiləyə, Krımın ilhaqına, Donbasın işğalına, Suriya böhranının bataqlığa çevrilməsinə heç bir aidiyyatı yox imiş… Kreml sadəcə öz təhlükəsizliyini qorumaq məcburiyyətindəymiş… Molla Nəsrəddinin sualı olmasın, oğrunun heçmi günahı yoxdur?

Azərbaycanlı deputat konkret Kremlin tezisləri ilə danışır. Ancaq bu nağıllara Rusiya təbliğatının zombiləşdirdiyi kütlədən başqa kimsə inanmaz. Mirbəşir oğlu isə nə “obivatel”dir, nə də zombi. O zaman azərbaycanlı deputatı Kreml sahibinə vəkillk etməyə həvəsləndirən nədir?

A.Zeynalov

www.yenicag.az

1345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv