“Putnin nüvə təlimi əmri ilə Rusiya həm ABŞ-yə cavab verir, həm də bölmələrin vəziyyətini yoxlayır”.
Bu sözləri Rusiyanın nüvə silahlarının təlimini keçirməsini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynlinin sözlərinə görə, Rusiyanın bu addımı təftiş xarakterlidir.
“ABŞ prezidenti Co Bayden Rusiyanı, Şimali Koreyanı, Çini nəzərdə tutaraq, atom silahlarının təlimlərini keçirməklə bağlı xüsusi dövlət qərarı qəbul etmişdi. Həmin təlimlərdə ad gedən ölkələr hədəf kimi göstərilmişdi. Rusiya prezidenti Vladimir Putinin əmri ilə Rusiya ordusu da nüvə silahlarının təlimini həyata keçirir. Putnin bu əmri ilə Rusiya həm ABŞ-yə cavab verir, həm də bölmələrin vəziyyətini yoxlayır”, – deyə o əlavə edib.
Politoloq hesab edir ki, Rusiyanın nüvə silahlarının təlimi təftiş xarakterlidir:
“Çünki iddialar var ki, Rusiyanın nüvə silahları köhnəlib. Hətta ballistik raketlərinin saz vəziyyətdə olması da sual altındadır. Ona görə də Putin bu qərarı verməklə ölkəsinin çəkindirici gücünün vəziyyətini yoxlamış olur”.
Səxavət Məmməd
www.yenicag.az