Qacar Dövlətinin 3-cü hökmdarı: Türklüyü ilə fəxr edən Məhəmməd Şah Qacarı necə tanıyırıq?

Çoxəsrlik dövlətçilik tariximizdə xüsusi yer tutan və bu coğrafiyada həm yaradılan, həm də süqut edən sonuncu imperiya ünvanını daşıyan Qacar Dövləti (1796-1925) olduqca mürəkkəb beynəlxalq şəraitdə 130 ilə yaxın müddətdə öz mövcudluğunu qorumağı bacarıb. Quruluş və təşəkkül dönəmi Rusiyaya qarşı iki uğursuz müharibəyə (1804-13 və 1826-28) təsadüf edən, bunun nəticəsində səltənətin dayağı hesab olunan Quzey Azərbaycanı itirən Qacar Dövləti əzəmətli sələfləri – Səfəvi və Əfşar imperiyaları qədər qüdrətli dövlətə çevrilə bilməyib. Bununla belə, daxili ziddiyyətlər və xarici təzyiqlər fonunda öz varlığını daha bir əsr davam etdirən, süqutu isə beynəlxalq imperializmin ssenarisi əsasında baş verən Qacar İmperiyası tariximizin şərəfli səhifələrindən biri olaraq, qalmaqdadır.

Qacar Dövlətinin dəyərini və əhəmiyyətini artıran əsas məqam onun tək Azərbaycan deyil, Ümumtürk tarixində yaradılan sonuncu imperiya olmasıdır. Səltənətin Türk mahiyyətinin formalaşmasında əlbəttə ki, sülalənin banisi olan Ağa Məhəmməd Şah Qacarın rolu və xidmətləri danılmazdır. Əfşar İmperiyasının parçalanmasından sonra dövlət idarəçiliyində nəzarəti ələ alan farsdilli elementlərin hegemonluğuna son qoyulması və indiki İran coğrafiyasında təqribən səkkiz əsr davam etmiş Türk hökmranlığının bərpa edilməsi məhz Ağa Məhəmməd Şah Qacarın adı ilə bağlıdır. Dövlətin Türk mahiyyətinə verdiyi böyük əhəmiyyət Qacarın öz vəliəhdi Baba Xana (gələcək Fətəli Şah Qacar) vəsiyyətində açıq-aydın görünür:

“Bəylərbəyi Mirzə Məhəmməd xan Dovalu-Qacarın qızını taxtın səndən sonrakı varisi Abbas Mirzəyə alarsan. Onların oğluna mənim adımı verib, Məhəmməd Mirzə çağırarsınız. Bax, o öz qanında iki böyük Qacar sülaləsinin qanını daşıyacaq. Mənim dayım Süleyman xan dövlətimiz üçün çox işlər görüb. Öz qızını onun oğluna verərsən. Onların nigahından doğulan qızı isə Məhəmməd Mirzəyə alarsan. Beləliklə, Məhəmməd Mirzədən doğulan uşaqlar hər iki tərəfdən sənin nəvələrin olar”.

Ağa Məhəmməd Şah Qacarın vəsiyyətini təsadüfən xatırlatmadıq. Sülalənin banisi öz vəsiyyəti ilə taxt-tacın davamçılarının  təmiz Türk qanı daşımalarını düşünməklə yanaşı, özündən və Baba Xandan sonrakı varislərin adlarını da seçib. O baxımdan, Fətəli Şah Qacarın oğlu Şahzadə Abbas Mirzənin hələ birinci hökmdarın sağlığında varis elan edilməsi təsadüfi deyildi. Ancaq çox təəssüf ki, Qacar Dövlətini müasir inkişaf yoluna çıxaran, dövrün mütərəqqi elmi-texnoloji yeniliklərini ardıcıllıqla tətbiq edən və ümid yeri kimi baxılan Şahzadə Abbas Mirzə taxta çıxmadan 1833-cü ildə ağır xəstəlikdən dünyasını dəyişdi. Nəticədə Şahzadənin oğlu, böyük babasının vəsiyyəti əsasında onun adını daşıyan  Məhəmməd Mirzə babası Fətəli Şahın 1834-cü ildə vəfat etməsindən sonra Məhəmməd Şah Qacar adı ilə 24 yaşında səltənət taxtına sahib oldu.

Qacar sülaləsinin sayca 3-cü hökmdarı olan Məhəmməd Şah Qacar haqqında günümüzə gəlib çatan səhih məlumatlar çox deyil. Məhəmməd Şah barəsində verilmiş qeydlər əsasən, doğum və ölüm tarixi, dövlətin şərq sərhədlərinin bərpa olunmasındakı rolu və başqa kiçik epizodlarla məhdudlaşır və bu fakt istər-istəməz təəccüb doğurur. Çünki ondan əvvəl hökmranlıq etmiş sələfləri – Ağa Məhəmməd Şah və Fətəli Şah, o cümlədən, atası Abbas Mirsə ilə bağlı yetərincə məlumat əldə edildiyi halda, Məhəmməd Şahın timsalında buna rast gəlmirik. Sülalənin 3-cü hökmdarının sağlığında, hətta ölümündən sonra həyat və fəaliyyətinin belə xəsisliklə qələmə alınmasının səbəblərini dəqiq izah etmək çətindir. Hər halda, Məhəmməd Şahın hakimiyyəti illərində Qacar Dövlətinə səfər etmiş əcnəbi müəlliflərin onun şəxsiyyətini əks etdirən yazıları işıq üzü görməsəydi, yəqin ki səltənətin 3-cü hökmdarını daha yaxından tanıyıb qiymətləndirmək imkanımız  da olmayacaqdı.

Məhəmməd Mirzə 10 yanvar 1810-cu ildə Təbrizdə anadan olub. Bəzi tarixçilər onun 1808-ci ildə doğulduğunu iddia etsələr də, əksər tədqiqatçılar gələcək şahın məhz 1810-cu ildə anadan olması fikrində  yekdildirlər. Atası, taxt-tacın vəliəhdi Abbas Mirzənin xəstəliyinin şiddətlənməsi səbəbindən, eyni zamanda, Rusiya ilə 1828-ci ildə imzalanmış Türkmənçay sülh müqaviləsinin tələbləri əsasında 1833-cü ildə Fətəli Şah Qacar tərəfindən varis təyin edilib. Qacar Dövlətinin araşdırmaçısı, atası, daha sonra isə həyat yoldaşı səltənətin İstanbuldakı səfiri olumuş Əminə Pakrəvan özünün “Abbas Mirzə və Azərbaycan” kitabında Məhəmməd Mirzənin vəliəhd təyin olunmasını belə təsvir edib:

“Şah bütün bunları bilməkdə idi, ancaq surətində ölüm əlamətlərini görən oğlunu dinləmək istəyirdi. O xatırlayırdı ki, bir neçə kərə çevrəsindəkilərin təsirinə düşərək az qala Nadir Şahın oğluna etdiyini etmək istəmişdi. Şah həm oğlunun söylədiklərinin təsirinə qapılaraq, həm də onun bu qədər yorğun və düşgün olduğunu gördüyü üçün gözlərindən yaş axmağa başlamışdı. Abbas Mirzəni bağrına basıb yanağından öpdü. Abbas Mirzə təkrar danışmaq istəyirdi, ancaq Şah onun susmasını istədi və dedi: “Hər şeyi söylədin, hər şey anlaşıldı. Başqa heç bir şey söyləmə”.

Şahzadə (Abbas Mirzə – red.) oğluna xitabən yazdığı məktubda deyir: “Şah iltifat göstərib və ağlar gözləri ilə mənim üzümdən öpdü. Danışmamdan sonra gözlərindən yaş axa-axa Tanrıya səcdə etdi”. Abbas Mirzənin bu görüşlə ilgili oğlu Məhəmməd Mirzəyə yazdığı məktubda verilən bilgi ilə Cahangir Mirzənin “Tarix-e no” kitabında verilən bilgilər örtüşməkdədir”.

Abbas Mirzənin ölümündən sonra 1833-cü ildə tam hüquqlu vəliəhd statusu qazanan Məhəmməd Mirzə 1834-cü il noyabrın 7-də babasının yerinə taxta çıxdı. O dövrdə Qacar Dövlətində geniş kəşfiyyat şəbəkəsinə malik olan Rusiya və Böyük Britaniyanın müxtəlif mənbələri Məhəmməd Mirzənin hakimiyyətinin ilk ilində onun ətrafında çox mürəkkəb vəziyyətin yarandığını bildiriblər. Qeyd olunur ki, yeni şahın müxtəlif  vilayətlərin hakimləri olan çoxsaylı əmiləri və qardaşları Məhəmməd Mirzənin taxt-taca sahiblənməsini qəbul etməyərək, ona itaətsizlik göstəriblər. Lakin atasının yaxın çevrəsinə daxil olan şəxslərin dəstəyi sayəsində Məhəmməd Şah Qacara  asi çıxan sülalə mənsublarının müqaviməti çətinliklə də olsa, tamamilə qırılır.

Tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutunun baş elmi işçisi, Qacar Dövlətinin tədqiqatçısı Tahirə Həsənzadənin “XVIII-XIX əsrlərdə İranda yaşamış azərbaycanlı ictimai-siyasi xadimlər” kitabında bu hadisələrlə bağlı maraqlı məlumatlar öz əksini tapıb. Müəllifin araşdırmasına əsasən, Məhəmməd Şah Qacarı hakimiyyətdən kənarlaşdırmağa çalışan qüvvələr vaxtilə Abbas Mirzənin xidmətində olan və yeni hökmdarın  Baş vəzir təyin etdiyi Mirzə Əbülqasim Qaimməqam Sani tərəfindən yönləndiriliblər. Əminə Pakrəvan da yuxarıda göstərilən kitabında Qaimməqamın vaxtilə hətta Abbas Mirzə əleyhinə müxtəlif təxribatlar törətdiyini yazıb.

Tahirə Həsənzadənin vurğulanan kitabında Qaimməqamın zərərsizləşdirilməsi və səltənətdə qarışıqlığa son qoyulmasına da toxunulub:

“Məhəmməd şah 1834-cü ildə səltənət taxtına əyləşdikdən sonra Mirzə Əbülqasim Qaimməqam Sanini, fazil və alim kimi İranda çox məşhur olan bu şəxsi Baş vəzir  təyin etdi. Lakin onun sədarəti yalnız 8 ay çəkdi. Bu müddət ərzində Fətəli Şahın saysız hesabsız övladlarının hər biri özünü səltənətin varisi hesab edirdi. Nəticədə Məhəmməd şahı vadar etdilər ki, Qaimməqamı aradan götürsün. Qaimməqam öldürüldükdən sonra onun yerinə bir çoxları əyləşməyə çalışırdı. Lakin Məhəmməd şah həmin vəzifəyə öz müəllimi və mürşidi Mirzə Ağasi İrəvanini təyin etdi”.

Məhəmməd Şah Qacar barəsində “zəif və iradəsiz hökmdar” obrazı formalaşdırılsa da, bu fikirlə razılaşmaq çətindir. O, hələ çox gənc yaşlarından etibarən, atası Abbas Mirzənin bir sıra hərbi kampaniyalarında, xüsusilə də Rusiya ilə 2-ci müharibədə (1826-28) yaxından iştirak edib və döyüşən ordunun əsas cinahlarından birinin komandanı olub. Məhəmməd Şah hakimiyyətinin 3-cü ilində – 1837-ci ildə ordunun başında əfqanlara qarşı Herat səfərinə çıxsa da, onun əməkdaşlığa  cəlb etdiyi Rusiyalı hərbi müşavirlərin səriştəsizliyi ucbatından uğursuzluqla üzləşib.

1830-40-cı illərdə Qacar Dövlətində hərbi-diplomatik xidmətdə olan Rusiyalı müəlliflər Məhəmməd Şah Qacarı islahatlara və yeniliklərə meylli hökmdar kimi təsvir ediblər. Onların yazdıqlarına görə, Məhəmməd Şah istedadlı gəncləri təhsil almaq üçün xarici ölkələrə göndərən ilk Qacar hökmdarıdır. O, atasının vaxtında əsası qoyulan nəşriyyat işlərinin genişlənməsinə dəstək verərək, xarici dillərdə olan elmi-ədəbi kitabların tərcüməsinə və nəşrinə hamilik edib. Bundan başqa, o dövrdə səltənətin Xoy, İsfahan, Səlmas və başqa şəhərlərində Avropa tipli müasir məktəblərin açılması da Məhəmməd Şahın adı ilə bağlıdır.

Məhəmməd Şah Qacarın şəxsiyyətinə rəğbət yaradan əsas  cəhət onun öz kökünə möhkəm bağlı olması və tayfa düşüncəsini qəbul etməyərək, Azərbaycan türkü olduğunu  hər zaman fəxrlə qabartması, ən əsası, səltənətdə fars elementlərinin güclənməsinə imkan verməməsidir. Şahın bu keyfiyyəti Rusiyanın Qacar Dövlətində səlahiyyətli naziri olmuş İvan Osipoviç Simoniçin “Səlahiyyətli nazirin xatirələri” kitabında da vurğulanıb:

“O, farsları sevmirdi. Farslarla yanaşı, özünün mənsub olduğu tayfanın (Qacar tayfası) nümayəndələrinə  də inanmırdı. Şah aid olduğu tayfaya görə utanc hissi keçirərək, özünü Azərbaycan türkü hesab edirdi. Buna görə də o, həmin ölkənin (Azərbaycanın) əhalisini özünün yeganə həmvətənləri sayırdı və onlar da Şahın ən yaxın çevrəsinə daxil edilmişdilər”.

Məhəmməd Şahın hələ vəliəhdlik dövründə Qacar Dövlətində fəaliyyət göstərən şotland əsilli Böyük Britaniya təbəəsi, rəssam, yazıçı və səyyah olmasına baxmayaraq, öz ölkəsinin xeyrinə casusluq edən, hökmdarla şəxsi münasibət qurmağı bacaran Ceyms Beyli Freyzer də onun barəsində müsbət qeydlərə malikdir. Freyzer ünsiyyətdə olduğu Məhəmməd Şahı alicənab insan kimi səciyyələndirib:

“O, mənəviyyat və əxlaq baxımından, Fətəli Şahın çoxsaylı törəmələri arasında ən layəqətlisidir. Hərbi istedadı ilə seçilməsə də, bu işdə naşı olduğunu söyləyə bilmərik. Vəliəhdi bir şahzadə qismində nəzərdən keçirəndə görürük ki, o, Persiya üçün nadir insanlardan biridir.

Şahzadə xeyirxah və gülərüzdür, sülalənin başqa nümayəndələrindən fərqli olaraq, hərəkətlərində ali məqamını nümayiş etdirən  lovğalıq və təkəbbür yoxdur”.

Ancaq çox əfsus ki, səltənəti Avropa dövlətlərinin səviyyəsinə qaldırmağı hədəfləyən Məhəmməd Şah Qacar da atası Abbas Mirzə kimi vaxtsız vəfat edərək, böyük planlarını həyata keçirə bilmədi. Qacar Dövlətinin sayca 3-cü hökmdarı olan Məhəmməd Şah Qacar 1848-ci il sentyabrın 5-də, 38 yaşında dünyasını dəyişdi. Onun yerinə isə Qacar Dövlətinə 48 il rəhbərlik edəcək oğlu, səltənət üçün bır sıra mühüm yeniliklərə imza atan Nəsrəddin Şah keçdi.

Araz ZEYNALOV  

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

COP29