Son dövrlərdə qadınlara qarşı cinayət və zorakılıq halları narahatedici dərəcədə artıb. Mütəxəssislər bu halların kökündə cəmiyyətin ən kiçik qurumu olan ailənin dayandığını bildirir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən psixoloq Aynur İsmayılova qadınlara qarşı zorakılığın əsas səbəbi ailədə oğlan və qız uşaqlarına qarşı göstərilən ayrı-seçkilikdən qaynaqlanır.
“Bu ayrı-seçkilik, gələcəkdə kişilərin qadınları zəif görməsi və onların üzərində güc tətbiq etmək istəyi ilə nəticələnir. Kişilərin qadınları zəif, gücsüz görməsi onların psixologiyasıda hər zaman “qadını susdurmalıyam” mənasını daşıyır”, – deyə o əlavə edib.
Psixoloq vurğulayıb ki, yanlış ailə tərbiyəsi və cinsiyyətlər arasında qoyulan fərq zorakılığın və qadın cinayətlərinin əsasını təşkil edir.
“Uşaqların ailədə gördüyü bu model onların psixikasına dərin iz buraxır və bu, onların gələcək davranışlarına təsir edir. “Ailədə böyüyən uşaqlar bu adəti davam etdirir. Günümüzdə belə halların artmasının kökündə bu yanlış tərbiyə durur”, – deyə psixoloq qeyd edib.
“Bu kimi halların qarşısını almaq üçün cəmiyyətin hər bir üzvünün, xüsusilə valideynlərin, ailə tərbiyəsinə daha diqqətli yanaşmaları və cinsiyyət bərabərliyi prinsiplərini mənimsəmələri vacibdir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltanov
www.yenicag.az