“Müxalifət partiyalarının mövqeyini hakimiyyətyönlü deputatlar müəyyənləşdirirsə, bunu anlamıram”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Qarabağ Komitəsinin nəzərdə tutduğu növbəti mitinqlə bağlı müraciət göndərdiyi siyasi partiyalardan alınan cavabları şərh edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
Akif Nağının sözlərinə görə, Komitənin bir neçə gün əvvəl müraciət etdiyi partiya rəhbərlərinin çox az qismindən cavab alınıb:
“Müraciət göndərdiyimiz siyasi təşkilatlardan hələ ki yalnız Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) rəsmi cavab almışıq. BAXCP İdarə Heyəti dünən bizim müraciətimizi müzakirə edərək, mitinqdə iştirak təklifimizə rədd cavabı verib.
Bu, bizdə həm təəssüf, həm də təəccüb doğurdu. Çünki BAXCP sədri Qüdrət Həsənquliyev birinci Qarabağ mitinqindən əvvəl bizi dəstəkləmişdi, belə aksiyalara ehtiyac olduğunu bildirmişdi. Ancaq indi nə baş verdi ki, Qüdrət Həsənquliyev mövqeyini dəyişdi?
Ondan başqa, Etibar Məmmədov mətbuat vasitəsilə müraciətimizə münasibət bildirərək, Qarabağ mitinqlərinin keçirilməsini zəruri sayıb və həmin aksiyaların daha izdihamlı olmasının vacibliyini deyib.
Digər partiyalardan isə nə rəsmi, nə də şifahi cavab almamışıq. Lakin başa düşülməlidir ki, Qarabağın azadlığı ilə bağlı keçirilən aksiyalara qrup yox, milli maraqlardan yanaşılmalıdır.
Mən Milli Məclisin son iclasında hakimiyyətyönlü deputatların Qarabağ mitinqini tənqid etmələrinin bu məsələyə nə dərəcədə təsir göstərdiyini bilmirəm. Ancaq müxalifət partiyalarının mövqeyini hakimiyyətyönlü deputatlar müəyyənləşdirirsə, bunu anlamıram”.
A.Zeynalov
www.yenicag.az