“Qarabağ” “Sumqayıt”ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub. “Report”un məlumatına görə, turun son oyununda “Qarabağ” “Sumqayıt”ı qəbul edib.

Yenicag.az xəbər verir ki, “Azərsun Arena”da keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hər iki qolu Filip Ozobiç vurub. Azərbaycan millisinin yarımmüdafiəçisi əvvəlcə 42-ci dəqiqədə penaltidən fərqlənib. 30 yaşlı futbolçu görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə isə son nöqtəni qoyub.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran “Qarabağ” “Qəbələ” ilə 1-2-ci yerləri bölüşdürür. “Sumqayıt” isə 6 xalla 5-ci sıradadır.

Qeyd edək ki, IV turun ilk oyun günündə “Qəbələ” evdə “Səbail”i 5:0 hesabı ilə darmadağın edib, “Zirə” “Sabah”la sülh bağlayıb – 1:1. Ötən gün baş tutan matçda isə “Neftçi” “Keşlə”nin qapısından 3 cavabsız top keçirib.