Qarabağ TV yaradıcısı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət ünvanlayıb.
Yenicag.az həmin müraciəti sizə təqdim edir:
“Bu gün Azərbaycan dövləti olaraq üzləşdiyimiz haqsız işğala qarşı mübarizədə informasiya sahəsində boşluqlar özünü göstərməkdədir. Uzun müddətdir ki, Qarabağla bağlı saytlar QHT-lər tərəfindən layihə çərçivəsində yaradılırdı, lakin qrantın müddəti keçəndən sonra onların hostinq və domain ödənişlərinin edilməməsi səbəbindən saytlar bağlanır. Bu gün virtual məkanda Qarabağla bağlı bir neçə dilli saytların və ümumiyyətlə adi internet televiziyasının olmaması bizim düşmənə qarşı zəif nöqtəmizin olduğunun göstəricisidir. İnternet şəbəkəsində Qarabağla əlaqədar məlumatlar azdır, böyük bir qismi isə təəssüf ki, Azərbaycana məxsus deyil. Nəzərə alsaq ki, informasiya mübarizəsi sahəsində son illərə qədər nailiyyətlərimizlə sevinməyimizə əsasımız çox deyil, o halda məsələnin aktuallığını göz önündə canlandırmaq daha da asan olar. Azərbaycanın haqlı mövqeyi və dövlətimizin siyasəti barədə yüksək siyasi dairələrdə məlumatlar Sizin apardığınız siyasət nəticəsində bəlli olsa da, xarici media, QHT-lər, ictimai fikirdə Qarabağ barədə məlumatsızlıqlar özünü göstərir. Dövlət başçısı İlham Əliyev “ən yaxşı müdafiə hücumdur” taktikasını irəli sürəndən sonra Azərbaycanın hər bir vətəndaşı üçün düşmənə qarşı bütün sahələrdə birləşmək vacibliyi yarandı. 30 il ərzində Ermənistanın Azərbaycana işğalçı siyasəti nəticəsində doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüş 1 milyondan çox insanın səsini, Qarabağın işğal altında olmasını, müharibənin iqtisadiyyatımızla yanaşı, milli-mədəni abidələrinə vurduğu ziyanlar, Qarabağ mədəniyyəti, Qarabağ tarixi barədə dünyaya əsl həqiqətləri göstərmək üçün Qarabağ TV yaratdıq. Hazırda TV-də verilişlər davamlı şəkildə yayımlanır. http://www.karabakh-tv.org/ saytında isə 10-dan çox xarici dildə araşdırmalar, xəbərlər oxuculara təqdim edilir.
Azərbaycanın dövlət başçısı qeyd edib ki, bizə qarşı informasiya aparan qüvvələr var. Onların böhtan xarakterli yazıları əsasən erməni lobbisinin təsiri altında hazırlanır. Psixoloji müharibənin tərkib hissəsi olan informasiya müharibəsi yalan, hədələmə, ideoloji təxribat kimi texnologiyaların köməyi ilə bir ölkə vasitəsilə digər ölkənin apardığı siyasəti gözdən salmağa, xalqla ordu arasında nifaqa çalışır, bir sözlə, insanlar arasında dövlətə inamsızlıq yaratmaq üçün dəridən-qabıqdan çıxır. Erməni qəzetlərinin və saytlarının Azərbaycanla bağlı yaydıqları yalan informasiyaların qarşısını almaq üçün Qarabağ TV bütün beynəlxalq təcrübədən istifadə edəcək. Yəni analizlər, təhlillər və faktlarla erməni yalanlarına qarşı çıxıb, Azərbaycanın sərhədlərini keçməyə cəhd edən erməni informasiyasını blokadaya alacağıq.
Sizlərdən xahiş edirəm Qarabağ TV-yə dövlət dəstəyi verəsiz ki, biz daha düşmənə qarşı müdafiə olunmayaq, hücum edək. Virtual dünyada qələbələrimizi qazanaq. İnşallah, bu qələbəmiz də torpaqlarımızın geri qaytarıldığı günlə əvəzlənəcək”.
Qeyd edək ki, Qarabağ TV bir neçə şəxsin təşəbbüsü ilə, heç bir maliyyə dayağı olmadan yaradılıb.
www.yenicag.az