Qarabağ Universiteti regionun intellektual mərkəzinə çevrilir: "Məqsədimiz təkcə universitet qurmaq deyil..."

media-hightechnic-468x90

Qarabağ Universitetinin fəaliyyəti, tələbələr üçün yaradılan unikal mühit və gələcək hədəflərlə bağlı universitetin Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günel Abbas Yenicag.az-ın suallarını cavablandırıb:

media-whatsapp-image-2026-01-26-at-17-13-35

– Qarabağ Universiteti həm də Qarabağın intellektual simvollarından biridir. Bu amil universitetin üzərinə hansı əlavə məsuliyyətləri qoyur və bu məsuliyyətin öhdəsindən necə gəlinir?

Qarabağ Universiteti həm də regionda düşüncə, bilik və gələcək vizyonunun formalaşdığı mərkəzdir. Bu status universitetin qarşısında ənənəvi tədris məsuliyyətindən daha geniş bir missiya qoyur. Əvvəla, burada təhsil alan gənclər təkcə yüksəkixtisaslı kadr kimi yox, Qarabağın bərpa və inkişaf prosesinin intellektual iştirakçıları kimi yetişdirilməkdədir. Bu da öz növbəsində gənclərdə elmi biliklərlə yanaşı, vətəndaş mövqeyi, tarixi yaddaş və sosial məsuliyyətin formalaşdırılmasını təşviq edir. Qarabağ Universiteti öz fəaliyyətində bu balansı qorumağı əsas prinsiplərdən biri hesab edir. Eyni zamanda, universitet həyata keçirdiyi tədris, tədqiqat və ictimai fəaliyyətlərlə Qarabağın elmi və mədəni siması kimi rolunu gücləndirir. Məqsəd yalnız universitet qurmaq deyil, bölgədə davamlı intellektual mühit yaratmaq və tələbələri bu mühitin fəal iştirakçıları kimi yetişdirməkdir.

– Qarabağ Universitetində tələbələr üçün Azərbaycanın digər universitetlərində görmədiyimiz fərqli əyləncə şəraiti yaradılıb. Tələbələrin asudə vaxtlarını daha səmərəli keçirdiyinin şahidi oluruq…

Bizdə tələbələrin asudə vaxtının təşkili yalnız istirahət və əyləncə ilə məhdudlaşmır, eyni zamanda onların intellektual və yaradıcı potensialının inkişafına xidmət edir. Bu məqsədlə universitetdə intellektual oyunlar, bilik yarışları, debatlar və komanda əsaslı fəaliyyətlər mütəmadi şəkildə təşkil olunur.

Eyni zamanda tələbələrin şəxsi və peşəkar inkişafını dəstəkləmək məqsədilə universitetdə mentorluq proqramı da fəaliyyət göstərir. Təcrübəli əməkdaşlarımız tələbələrə akademik həyat və karyera planlaması istiqamətində dəstək verirlər. Bir sözlə, əyləncə və intellektual fəaliyyət bir-birini tamamlayan anlayışlar kimi təqdim olunur. Məqsədimiz tələbəni düşünən, araşdıran və aktiv mövqe nümayiş etdirən şəxsiyyət kimi formalaşdırmaqdır.

– Tələbələr üçün işğaldan azad olunmuş ərazilərə turlar təşkil edilərək Qarabağın daha dərindən öyrədilməsi istiqamətində addımlar atılırmı?

Tələbələr üçün Xankəndi şəhərinə gəldikləri ilk günlərdən etibarən bir həftəlik orientasiya proqramı təşkil olunur. Bu müddətdə onlar şəhər daxilində universitetin əməkdaşlarından ibarət bələdçilər tərəfindən məlumatlandırılır. Bundan əlavə, tələbələr asudə vaxtlarında digər bölgələrə təşkil olunan turlarda da iştirak edirlər. Bu turlar zamanı Qarabağın tarixi, mədəni irsi, bərpa prosesi və regionun inkişaf perspektivləri ilə yerində tanış olur, bu bilikləri real mühitdə müşahidə etmək imkanı qazanırlar.

– Qarabağ Universitetini digər Azərbaycan universitetlərindən fərqləndirən əsas cəhətlər nələrdir? Tələbələr niyə məhz bura qəbul olmaq üçün can atırlar?

Əsas üstünlüklərimizdən biri tələbələrin həm akademik, həm də sosial inkişafı üçün yaradılan dəstəkləyici mühitdir. Universitetdə bütün tələbələr üçün ödənişsiz təhsil və yataqxana təmin edilir, həmçinin əlavə təqaüdlər verilir. Bu imkanlar gənclərə maddi dəstək olmaqla yanaşı, onların dərsə daha səmərəli cəlb olunmasına xidmət edir. Müasir tədris proqramları, akademik infrastruktur və tələbəyönümlü yanaşma gəncləri peşəkar mütəxəssis olmaqla yanaşı, Qarabağın gələcək dirçəliş prosesində aktiv rol oynamaq üçün bura cəlb edir.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa