Qarabağ və Şərqi Zəngəzurda 2 mindən çox bina günəş panelləri ilə təchiz edilib
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2 mindən artıq ev və ictimai binanın üzərində damüstü günəş panelləri quraşdırılıb. Bu addım bölgənin “Yaşıl Enerji Zonası”na çevrilməsi istiqamətində atılan strateji addımlardan biridir.
Yenicag.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, qeyd olunan obyektlərin üzərində ümumi gücü 7 min kVt-dan artıq olan günəş panelləri quraşdırılıb.
Nazirlikdən verilən məlumatda bildirilir ki, müasir şəhərsalmanın əsas elementlərindən olan bu panellər azad edilmiş ərazilərin dayanıqlı və ekoloji cəhətdən təmiz inkişafına mühüm töhfə verir. Bu yanaşma həm enerji səmərəliliyini artırır, həm də bölgənin xarici enerji mənbələrindən asılılığını minimuma endirir.
Qeyd edək ki, “Yaşıl enerji” layihələri Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində prioritet istiqamət kimi müəyyən edilib.
Yenicag.az













