İşğaldan azad edilən ərazilərimizdə dislokasiya olunan bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlərin icrası davam edir.
Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
“Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri aparılır. Avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa olunur. Dağlıq ərazilərdə yerləşən bölmələrimizin mövqeləri istiqamətində yeni yolların çəkilməsi üzrə mühəndis işləri icra edilir. Bu günədək xeyli sayda mina və partlamamış döyüş sursatı utilizasiya edilib.
Azad edilmiş ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir”, – nazirlikdən bildirilib.
www.yenicag.az