!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qarabağda yaşayan ermənilər Azərbaycana inteqrasiya edəcək" - AY Partiya Başqanı

!Reklam – Yazi

“7 aydır, bütün müsahibələrimdə özəlliklə vurğulayırdım ki, Qarabağda ermənilərin də, sülhməramlıların da, ərazilərin də, ekologiyanın da – hər canlının və cansızın təhlükəsizliyinin təminatçısı Azərbaycan Dövlətidir, Ordusudur, Xalqıdır”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.

“Bu mənada Prezidentin dünən imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı ilə həm də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması dediklərimizin nəhayət ki, rəsmiləşmiş sübutu oldu. Xankəndi şəhəri, Xocavənd və Xocalı rayonlarının da daxil odluğu Qarabağ iqtisadi rayonu yaradılır. O cümlədən, işğaldan azad olunmuş Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları yeni yaradılan Şərqi Zəngəzur iqtisadi rayonuna daxil edilir. Bununla da, Dağlıq Qarabağ termini və status anlayışı aradan qalxır, sülhməramlı pərdəsi altında lövbər salan rusların imperialist xəyalları suya düşür. Ən önəmlisi isə Şərqi Zəngəzur toponiminin işlədilməsi ilə bölgənin qərb hissəsinin olduğuna da eyham vurulur”, -deyə Anar Əsədli əlavə edib.

AY Partiya Başqanının fikrincə, yuxarıda sadalananlar baxımından fərman strateji əhəmiyyət daşıyır: “Maraqlı məqamlardan biri bütün bu strateji məqamların iqtisadi ərazi bölgüsü kontekstində çatdırılmasıdır. Nəyə görə məhz iqtisadi? Çünki bölgədə inteqrasiya və dirçəliş məhz iqtisadi parametrlərlə mümkün olacaq. Ötən yazılarımın birində demişdim ki, Azərbaycanın Qarabağı dirçəliş çərçivəsində həyata keçirməyə başladığı layihələr yaxın aylarda gerçəkləşdikcə böyük dəyişikliklər baş verəcək.

Yəni, açılacaq kommunikasiya xətlərinin Ermənistan iqtisadiyatının inkişafına təsir reallığı anlaşıldıqca və Qarabağdakı erməni kökənli Azərbaycan vətəndaşlarının separatçı qüvvələrə deyil, rifahlı yaşayış şəraiti üçün təminat verən Azərbaycanın qanunlarına tabe olmağın bölgədə sülhün təminatına səbəb olacağına əminlikləri artdıqca, təxribatçılar özlərini ifşa edəcəklər. Qarabağda yaşayan ermənilər bütün istiqamətlərdə iqtisadi yolla Azərbaycana inteqrasiya edəcək. Elementar olaraq, Xankəndi-İrəvan və Xankəndi-Ağdam trayektoriyasını müqayisə etsək, bunun şahidi olarıq”.

Anar Əsədli qeyd edib ki, bu sənəd həm də qaçqın məsələsinin də gözlənildiyindən daha tez həllini tapacağını göstərir: “Çünki inteqrasiya gücləndikcə sülh müqaviləsinin imzalanması ehtimalı da artır.

Bir sözlə, sənəd Qarabağa böyük qayıdış planının icrasına şərait yaradır. Fərmanın imzalandığı ərəfədə gündəmdə olan digər məsələləri də nəzərə alsaq, sənədin mesaj ötürdüyü orbitin daha geniş olduğunun fərqinə varmış olarıq.

Eyni vaxtda Moskvada Putinlə Paşinyan arasında görüş keçirildiyini nəzərə alsaq, bu sənədin həm də Rusiyaya bir ismarıc olduğunu anlamaq mümkündür. Əliyev Putin və Paşinyan görüşünün nəticələrini gözləmədən bu fərmanı imzalamaqla artıq Rusiyayla hesablaşmadığını bildirmiş oldu. Nikolun seçkidən sonra hökuməti formalaşdırmadan baş nazir vəzifəsini icra edən şəxs kimi Rusiyaya səfər etməsi isə diqqətçəkən fərqli nüansdı. Təbii ki, məqsəd Rusiya-Ermənistan münasibətləri deyil. Belə lsaydı, Paşinyan hökuməti formalaşdırdıqdan sonra Moskvaya rəsmi səfər edərdi. Əsas gündəm üçtərəfli razılaşmaların icrası və sərhəd məsələsidir. Ruslar prosesin uzanması ilə onların iştirakı ilə yaranmış reallığa risklərin ortaya çıxdığını, yəni Qərbin müdaxiləsinə şərait yarandığını anlayır. Səfərindən bir gün öncə “sərhəddə atışma” xəbəri və Qarabağda baş verənlər isə Paşinyan tərəfdən görüşün gündəminə hesablanmış gedişlərdir. Kəlbəcər istiqamətindəki Qaragöl ətrafındakı sərhədin müəyyənləşməsində Ermənistanın maraqlarının təmin olunması cəhdi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlıları tərəfindən Ağdam rayonunun Əliağalı kəndi istiqamətində açılan atəş Paşinyanın Moskvada əlini gücləndirmək iddialarından başqa bir şey deyil.

Mövcud status-kvodan məsələyə yanaşsaq, imzalanmış fərman son günlər Azərbaycanın KTMT-nin Tərəfdaşlıq Şurasına üzv olacağıyla bağlı şayiələri də yalanlamış olur. 44 günlük müharibə və ondan sonrakı demarkasiya prosesində susqunluğunu qoruyaraq, Azərbaycanı öz hərbi təşkilatına yaxınlaşdırma missiyasını güdən rəsmi Moskva bu şayiələri yaymaqla həm də nəbz yoxlamağa çalışır. Elə bu baxımdan Azərbaycan Rusiya qarşısında siyasi demarş edərək, müstəqil dövlət olaraq, müstəqil siyasət yürütdüyünü bir daha sübut etdi. Bundan sonra Rusiya Cənubi Qafqazda mövqelərini gücləndirmək uğrunda daha ciddi addımlar atsa da, görünən odur ki, atılacaq addımlar Azərbaycanın və Türkiyənin maraqları ilə hesablaşılmış şəkildə olacaq”.

www.yenicag.az

785
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv