“Bayer Leverkuzen” çox təhlükəli rəqib olaraq, hazırda Avropanın ən yaxşılarındandır”.
Bu fikirləri “Qarabağ”ın UEFA Avropa Liqasın 1/8 final mərhələsində “Bayer Leverkuzen”lə bu gün axşam keçiriləcək oyunu barədə danışan futbol mütəxəssisi Ceyhun Sultanov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu oyun komandamız üçün çox çətin sınaqlardan biri olacaq:
“Bu gün “Qarabağ” ilə “Bayer Leverkuzen” artıq üçüncü dəfə qarşılaşacaq. Qrupdakı ilk oyunu çıxsaq, komandamız evdəki matçda yaxşı təsir bağışlamışdı. Komandamız bu gün elə bir rəqibə qarşı oynayır ki, nəticə barəsində konkret nəsə demək mümkün deyil.
Biz axşamkı oyundan çox şey gözləyirik. Fikrimcə, qələbə qazansaq, daha yaxşı olar. Lakin yaxşı oyun sərgiləmək də vacibdir. “Bayer Leverkuzen” çox təhlükəli rəqib olaraq, hazırda Avropanın ən yaxşılarındandır. Komandanın baş məşqçisi Xabi Alonso da kifayət qədər keyfiyyətli mütəxəssisdir.
Düşünürəm ki, bu oyun komandamız üçün çox çətin sınaqlardan biri olacaq. Doğma meydanda yaxşı oyun sərgiləyərək, hər hansı sərfəli nəticə əldə etmək mümkün olsa da, rəqib meydanında şansımızın az olduğu qənaətindəyəm. “Qarabağ”a uğurlar arzulayıram. Bu gün azərkeş dəstəyinin də möhtəşəm olacağına inanıram”.
İsmayıl Bakuvi
www.yenicag.az