“Çar Rusiyasını gəzdikcə, mən zadəgan ailələrdə fransız dilinin necə işlək olmasına heyrət edirdim. Xüsusilə kübar qadınlar öz ərlərindən daha mükəmməl fransızca danışırdılar. Ərləri ticarət, siyasətlə məşğul olduqları vaxtda,…xanımlar fransız dilində romanlar oxuyaraq, ədəbi fransız dilini mənimsəmişdilər…”
Bu sətirlər görkəmli fransız yazıçısı və səyyahı Aleksandr Dümanın “Qafqaz səfəri” əsərindəndir. A. Düma, həmçinin Qafqazda olduğu müddətdə görüşdüyü zadəgan ailələrdə işlədilən fransız dilinin mükəmməlliyinə diqqət çəkir. Xurşidbanu Natəvanın əri, Xasay xan Usmiyevlə görüşü barədəki qeydlərində, yazıçı Xasay xanın mükəmməl fransızcasından heyrətləndiyini yazır:
“Xasay xanla danışdıqca mənə elə gəlirdi ki, sanki bir fransız yazıçı dostumla danışıram. O hətta məndən xahiş elədi ki, şəxsən tanıdığı dostum Marmyeyə onun salamını çatdırım…”
XIX əsrdə fransız dili bütün çar Rusiyasında olduğu kimi, Azərbaycanda da zəruri dil idi. Azərbaycanın Fransa ilə ticarət əlaqələri, fransız iş adamlarının Bakıdakı neft mədənlərinə sərmayələr yatırması, fransız səyyahların Azərbaycana səfərləri kimi şərtlər bu dilə olan marağı daha da gücləndirirdi.
Banin təxəllüslü yazıçı, Bakı neft milyonçularının varisi, Fransada mühacirətdə yaşayıb-yaradan və Parisdə vəfat edən Ümmülbanu Əsədullayevanın “Qafqaz günləri” və “Paris günləri” kimi bioqrafik əsərlərində biz bunu aydın görə bilirik. Baninin bioqrafiyasında ölkənin zadəgan kəsiminin ailədə fransız dili müəllimi, fransızdilli dayələr saxlaması və fransız dilindən ana dili qədər geniş istifadə etmələri barədə geniş təsvirlər yer alır. Çar ailəsi, rus zadəganlarının fransız dili sevgisi, bu dilin gündəmdə olmağı bizim milli burjuaziyanı laqeyd qoymamış, övladlarının təhsilinə, dünya görüşünə yatırım edən azərbaycanlı neft milyonçuları, zadəganlar övladlarının fransızca öyrənməsini zəruri hesab etmişdilər.
Bu fikirlər “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılovanın “Qarabağın “Parisi”ndə fransız dili sevgisi” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə deyilir: “1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti də bu ənənənin davamı olaraq, Avropa ölkələrində təhsil almaq üçün 100 nəfər tələbə göndərmişdi. Onlardan 42 nəfəri də məhz Fransada təhsil almağa yollanmışdı. “Cümhuriyyət tələbələri” adlandırılan tələbələr arasında Aslan bəy Vəzirov, Mustafa bəy Vəkilov, İsrafil Əşrəfov, Rəşid bəy Topçubaşov, Zaur bəy Daqirov, Teymur bəy Aslanov, Zeynalabdin Hüseynov və Xaspolad bəy Hacıyev və başqaları Paris Universitetində təhsil almışdılar. Fransada təhsil alan azərbaycanlı tələbələrin bir çoxu Cümhuriyyətin süqutunun sonra siyasi motivlərə görə Azərbaycana qayıda bilməmiş və Fransada qalmışdı.
Hələ çar dövründən bu zəngin dilin tədrisi həyata keçirilən bölgələrdən biri də Şuşa idi. Fransız dilinin tədris edildiyi məktəblərdən biri Şuşa şəhər məktəbi idi ki, sonralar onun bazasında altı siniflik Şuşa realnı məktəbi Xurşidbanu Natəvanın maliyyəsi ilə tikiləcəkdi. Çox güman ki, Xan qızı fransız dilini mükəmməl bilən əri Xasay xanla çar Rusiyasını gəzdiyi zaman, fransız dilinin zövq, yüksək mədəniyyət göstəricisi olduğunu anlamış və bu dilin tədris edildiyi bir məktəbə yatırım etməyə həvəs göstərmişdi. Hər iki məktəbdəki şagirdlər, əsasən, azərbaycanlı və erməni uşaqları olsa da, qeyri millətlərdən olan az sayda şagirdlər də var idi.
XIX əsrin ikinci yarısından etibarən fransız dilinin tədris olunduğu Şuşada bu dilə maraq onilliklər boyu davam etdi. Bu məktəb dünyaya fransızdilli azərbaycanlılar təqdim edə bildi. Onlardan biri də yazıçı, siyasi xadim Əhməd bəy Ağaoğlu idi.
Əhməd bəy Ağaoğlu zadəgan ailəsində doğulmuşdu. Hər iki valideyni məmur, bəy, ziyalı ailələrdən gəlirdi və belə bir ailədə doğulan uşağın taleyi artıq qismən müəyyən edilmişdi. Kiçik yaşlarında ata tərəfi Əhmədin fars və ərəb dillərində təhsil almasında maraqlı idi. Amma Əhmədin anası Tazə xanım oğluna gizlicə rusdilli müəllim tutur. Rus dilinin sayəsində Əhməd bəy Qərb dünyası, Qərb mədəniyyəti və dəyərləri ilə tanış olur.
Onu Parisə, Sorbona aparan əslində fransız dili idi ki, bu dili Əhməd bəy Şuşa realnı məktəbində öyrənməyə başlamışdı. 1881-ci ildə Şuşada 4 sinifli Şuşa şəhər məktəbi açılanda Qafqaz canişini Mixail Nikolayeviç Şuşanın müsəlman kəsiminin əsas nümayəndələrini Xurşidbanu Natəvanın evində toplayaraq uşaqlarını bu məktəbə göndərmələrini istəmişdi. Əhməd bəyin atası Mirzə Həsən bəy bu görüşdə iştirak etmiş və oğlunu məktəbə göndərəcəyinə söz vermişdi.
Fransız dilini Şuşa realnı məktəbində öyrənməyə başlayan Əhməd bəyi tale Parisə apardı. Orda fransız dilini Sorbonna universitetində mükəmməl öyrənən Ağaoğlu Parisin qapalı ziyalı klublarına üzv olaraq, bir çox fransız ziyalılarla əlaqə qurdu, məşhur fransız jurnallarında məqalələr dərc etdirdi.
Əhməd bəyin fransız dilinə, bu dilin tədrisinə sevgisi onu Parisdən Şuşaya qaytardı. 1896-cı ildə, o, Şuşaya qayıdaraq əvvəl oxuduğu Şəhər məktəbinin bazasında fransız sinfi yaradır və bu dili tədris etməyə başlayır. Həmin vaxt Şuşa real məktəbi Xurşidbanu Natəvanın maliyyəsi ilə tikdirilmişdi və gözəl binaya sahib idi. Fransız dili dərsi dediyinə görə onu Şuşada “firəng Əhməd” deyə çağırırdılar.
Əhməd bəyin pedaqoq kimi fəaliyyəti Şuşada uzun çəkmədi. 1920-ci ildə bolşeviklərin Şuşanı tutması ilə Əhməd bəy doğma yurdunu tərk etmək məcburiyyətində qalmışdı. Həmin illərdə regionda baş verən etnik çaxnaşmalar nəticəsində Şuşa realnı məktəbi, Əhməd bəy Ağaoğlunun evi tamamilə yandırılmışdı. Tale bu dəfə onu Türkiyəyə apardı və Əhməd bəy orada siyasi karyerasını qura bildi, Türkiyə Böyük Millət Məclisinin üzvü oldu.
Onun fransız dilinə marağı, sevgisi, Şuşada davam etdirdiyi fransız dilinin tədrisi isə bu şəhər camaatı üçün bir ənənə olaraq qaldı.
Şəxsən tanıdığım və birlikdə çalışdığımız, vaxtilə atası Şuşanın şahmat məktəbinin direktoru kimi fəaliyyət göstərən deputat Tural Gəncəliyevin taleyində də fransiz dili ilə bağlı maraqlı bir iz var:
“Biz hər gün Əhməd Ağaoğlunun yaşadığı küçədən keçib məktəbə gedirdik. Fransız dilinə sevgimizin əsas səbəbi Əhməd bəy Ağaoğlunun həyat hekayəsi idi. Müəllimimiz bizə Əhməd bəyin Şuşada fransız dilini öyrənməsindən, sonra Parisə gedib Sorbonda təhsil almağından danışdıqca bizim fransız dilinə, mədəniyyətinə sevgimizi artırdı. Onun hekayəsi bizə gələcəkdə xaricə gedib təhsil almaq üçün motivasiya verirdi”, – deyə Tural bəy xatırlayır.
Hazırda Şuşada realnı məktəbinin binası, Əhməd bəy Ağaoğlunun, Xurşidbanu Natəvanın evləri dağılmış vəziyyətdədir. Onilliklər boyu azərbaycanlı və erməni şagirdlərin fransız dilini öyrəndiyi, Qərb mədəniyyəti ilə tanış olduğu Şuşanın “Renessans” dövrü indi ancaq xatirələrdə yaşayır.
İndi xatirələrdə yaşayan bu dövr bizə sübut edir ki, Qarabağın, xüsusilə Şuşanın əzəmətli maarifçilik ənənəsi bizim həm də qan yaddaşımızdadır və mütləq oraya qayıdıb ənənələri davam etdirməliyik”.