Qaradağ sahibkarları Prezidentdən imdad diləyir
Süleyman Mikayılov sahibkarları dövlətə qarşı potensial düşmənə çevirir
Bakının ən böyük rayonlarından biri olan Qaradağda sahibkarlar etiraz aksiyasına hazırlaşır. Bu aksiyaya səbəb isə onlara qarşı edilən haqsızlıqdır. Beləliklə, AZERİNFO.ORG-un reportyor qrupu olaraq, Qaradağın ən böyük qəsəbələrindən biri olan Sahil qəsəbəsindəyik.
Sahil qəsəbəsi Qaradağ rayonunun ikinci böyük şəhərtipli qəsəbəsidir. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement zavodunun tikintisi ilə bağlıdır. Belə ki, həmin dövrdə Keşlə qəsəbəsində yerləşən Sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu stansiyasının yaxınlığına köçürülməsi qərara alınandan sonra bu ərazidə fəhlələrin yaşayışı üçün evlərin tikilməsi zərurəti yarandı. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikildi, 1951-ci ildə zavodun I və II texnoloji xətləri işə salındı və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olundu.
Keçən zaman içində dəniz kənarında yerləşən Sahil qəsəbəsi ən gözəl qəsəbələrdən birinə cevrildi. Sözsüz Qaradağın gözəlləşməsində qəsəbədə olan sahibkarların rolu böyükdür. İnsafən sahibkarlar Sahil qəsəbəsinin gözəlləşməsi üçün çox iş görüblər. Elə Sahil qəsəbəsində olan və adını çəkmək istəmədiyimiz sahibkarların birgə fəaliyyəti nəticəsində bir çox ərazilər təmir edilib.
Sahil qəsəbəsi ərazisində onlarla ərazi məhz icra başçısı Süleyman Mikayılovun təkidi ilə sahibkarlar tərəfindən təmir edilib. Sahibkarların pulu ilə 16 saylı peşə liseyinin yanındakı istirahət parkı, Milli qəhrəman Rövşən Rzayev adını daşıyan park əsaslı şəkildə yenidən qurulub.Sahibkarlardan yığılan vəsait hesabına Bakı-Astara magistral avtomobil yolundan Sahil qəsəbə ərazisinə giriş hissəsinə 7-10 km məsafəyə yeni asfalt örtüyü döşənib.
Amma görülən işlərə baxmayaraq bu gün də sahibkarlarla Süleyman Mikayılov arasında böyük ucurum var. Səbəb sadədir. Qaradağ rayonunda istənilən abadlıq işləri görülərkən sahibkarlara güclü təyziqlər başlayır. Artıq bir müddətdir ki, sahibkarlar icra başçısının adamlarına pul verməkdən imtina ediblər.
Bunu bizimlə söhbətində sahibkarlar da etiraf etdilər. “Bizdən 10-30 min AZN arası pul tələb edirlər. Bu pul il ərzində bir neçə dəfə istənilir. Ona görə də biz Sahil qəsəbəsindəki sahibkarlar bu pulu ödəməkdən imtina etdik.”-deyən sahibkarlardan biri pulu ödəməyən sahibkarlara qarşı amansız savaş açıldığını da etiraf edir.
Maraqlıdır ki, Sahil qəsəbəsində ən böyük ticarət mərkəzlərindən biri olan “Yeni Sahil”in artıq Suleyman Mikayılovun himayəsinə keçdiyi söylənilir. Ticarət mərkəzinin faktiki sahibi İlham Rəxcəbovla əlaqə saxlamaq istəsəkdə,sahibkar telefonlarımıza cavab vermədi. Sahil qəsəbəsində yerləşən “Holcim – Azərbaycan” ASC-nin Sement Zavodu, Qaradağ Metal Konstruksiyalar Zavodu rəhbərliyinin də icra başçısında şikayət edəcəyi haqqında qəsəbədə söz-söhbət dolaşır.Buna səbəb icra başçısının mütamadi olaraq həmin zavodun rəhbərliyindən pul tələb etdiyini sadə qəsəbə sakinləri bildirir.
Maraqlıdır ki, Qaradağdakı bütün dənizkənarı ərazilər imkanlı və Suleyman Mikayılova yaxın adamlar tərəfindən zəbt edilib. Sahil qəsəbəsində olanda daha bir maraqlı xəbər eşitdik. Qəsəbədə dəniz Sahilində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məxsus villanın icra başçısı Süleyman Mikayılov tərəfindən söküləcəyi gündəmə gəlib. Məsələ ondan ibarətdir ki, sabiq nazirin villasının qarşısında yerləşən dəniz sahilində böyük ərazi sabiq nazir tərəfindən zəbt edilib. Bundan qəzəblənən icra başçısı adamları vasitəsilə sabiq nazirə öz mesajını catdırıb. Kimin bu savaşda qalib olacağını isə zaman göstərəcək. Bilinən odur ki, Süleyman Mikayılov Qaradağı özəlləşdirmək üçün əlindən gələni edir.